"Qalatasaray"ın forma sponsorlarının adı açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ünal Aysal dünən klubun Divan Kurulunun iclasında "Sponsor problemini həll etdik. Bir həftə içində açıqlama verəcəyik" deyib. Bundan sonra isə qəzet sponsorların adını öyrənib. Məlum olub ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə avqust ayından aparılan danışıqlar müsbət yekunlaşıb. Anlaşmaya əsasən "Qalatasaray"ın Super Liqada geyinəcəyi formaların üzərinə SOCAR yazılacaq.
Xəbərdə qeyd olunur ki, SOCAR-ın İdarə Heyətinin rəhbəri Vaqif Əliyev "Qalatasaray" azarkeşidi. Lakin onu nəzərinizə çatdıraq ki, Vaqif Əliyev şirkətin İdarə Heyətinin sədri yox, Sərmayələr Idarəsinin rəisi vəzifəsini tutur.
"Qalatasaray"ın Çempionlar Liqasında geyinəcəyi formaların üzərinə isə "Sberbank" yazılacaq. Rus bankı ilə artıq razılıq əldə olunub. Formaların qoluna isə "NG Kütahya Seramik" yazılacaq.
Fanat.az