"Sumqayıt" "Neftçi"yə oyun verəcək?

"Sumqayıt" "Neftçi"yə oyun verəcək?

Topaz Premyer Liqasında danışılmış oyun? "Neftçi" heç də yaxşı günlərini yaşamır. Geridə qalan 10 tur ərzində eyni sayda xal toplayan bakılılar uçurumun kənarındadı. 

Samir Əliyevin yetirmələri 6 oyundu ki, qələbə üzünə həsrət qalıb. Sonuncu dəfə "Rəvan"a qalib gələn bakılıların ümidi 11-ci tur çərçivəsində keçiriləcək "Sumqayıt"la oyunadı. Paytaxt təmsilçisi "kimyaçılar"ı məğlub etsə, uğursuz seriyaya son qoyacaq. Təbii ki, bunu bacarsalar...

Samir Abasovun gəlişindən sonra "Sumqayıt" rəqiblərin baş ağrısına çevrilib. "Gənclər şəhəri" təmsilçisinə yeni nəfəs gəldiyi açıq-aşkar hiss olunur. Son 3 oyunda qazanılan 7 xal da bunun bariz sübutudu. Gənc və özünə inan Abasov təbii ki, uğurlu seriyasını davam etdirmək niyyətindədi. Doğma azarkeşləri önündə zəif "Neftçi"yə qalib gəlməklə növbəti uğura imza ata bilər. Bunu bacarmaq heç də çətin deyil. Amma...

Amma "Neftçi"nin çətin durumda olması planları poza bilər. Aydın məsələdi ki, hazırda bütün diqqətlər bakılıların üzərindədi. Klub rəhbərliyi də tənqidlərdən, qınaqlardan can qurtarmaq üçün ən azından "Sumqayıt" üzərində qazanılacaq qələbənin vacibliyini anlayır. Bunu bacarmasalar, aləm bir-birinə dəyəcək. 

Belə bir durumda oyunun nəticəsinin əvvəlcədən müəyyən edilməsi istisna deyil. Onsuz da "kimyaçılar"ın başqanı Kamran Quliyevlə "Neftçi"nin icraçı direktoru Elnur Məmmədovun yaxın, dost, qardaş münasibəti hər kəsə bəllidi. Vaxtı ilə bir yerdə çörək kəsiblər, tez-tez bir araya gəlirlər, tədbirlərdə qoşa gəzirlər. Əsasən də AFFA-nın baş katibi Elxan Məmmədovun təşkilatçılığı ilə keçirilən tədbirlərdə onları ayrı görmək möcüzəyə barabərdi. Və heç kim də bu iki şəxsin assosiasiyanın baş katibinin kadrları olmasına şübhə etmir.

Belə bir durumda Elnur bəy dostu Kamran müəllimə zəng çalıb, onlara güzəştə getmələrini xahiş edəcəkmi? Bax, bu, böyük sual doğuran məqamdı. Bunun üçün şübhəli oyunlara görə Apellyasiya və Ekspert Komissiyasının nəzdində fəaliyyət göstərən futbol mütəxəssislərindən ibarət xüsusi qrup ayıq-sayıq olmalıdı. Ancaq onlara da etibar yoxdu. Əslində, onların da kimin diqtəsi ilə hərəkət etdiyi hamıya bəllidi. Elxan Məmmədovun söz ağası olduğu məkanda aşağı vəzifədə gözünü 5-10 qəpiyə dikənlər artıq "ağa deyir sür dəyərə, sür də" deyimi ilə razılaşıblar. 

Düzdü, oyunun gedişində hər şey açıq-aşkar görünəcək. Siravi azarkeşin gözündən nəsə yayına bilər. Amma hər hansı şübhəli məqamı medianın qabardacağı istisna deyil. Bəllidi ki, danışılmış oyunlara görə Azərbaycan cinayət qanunvericiliyində hər hansı bir cəza nəzərdə tutulmayıb. Amma bu o demək deyil ki, hər kəs istədiyini edə bilər. Hər halda həm xalqın, həm də medianın gözü tərəzidi. 

sport7.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər