İngiltərə klubları "Borussiya"nın (Dortmund) ulduzu Pyer-Emerik Aubameyanq uğrunda mübarizə aparır. Fanat.az xəbər verir ki, son olaraq "Arsenal" qabonlu futbolçuya elçi düşüb.
İddiaya görə, "topçular" "Borussiya"ya nə az, nə çox - düz 84 milyon avro təklif edib. Fransanın "Le 10 Sport" saytının iddiasına görə, "Mançester Yunayted"in də transfer siyahısında yer alan Aubameyanqı "Arsenal"ın baş məşqçisi Arsen Venger israrla komandasında görmək istəyir.
Hələlik "Arsenal" 84 milyon avro təklif edib. "Borussiya"nın isə bu futbolçu üçün 100 milyon avro tələb etdiyi deyilir.
Qeyd edək ki, "Milan" 2012-ci ildə Aubameyanqı 1,8 milyon avroya "Sent-Etyen"ə satıb. "Borussiya" isə bir il sonra onu 13 milyon avroya alıb.
O, indiyədək Almaniya klubunun heyətində 120 rəsmi oyuna çıxıb və 68 qol vurub. Cari mövsümdə 40 oyuna çıxan qabonlu futbolçu 35 dəfə fərqlənib. Aubameyanq Avropa Liqasında 7 (təsnifat mərhələsində də 3 qol vurub), Bundesliqada 22 qol vurub. Hər iki yarışın bombardirlər yarışında 2-ci pilləni tutur.
Aubameyanq "Qəbələ"ni də məyus edib. O, Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyununda 1 (4:0), ikinci matçında isə 3 (3:1) dəfə fərqlənib.
Fanat.az