Hücum xəttini gücləndirmək istəyən "Mançester Yunayted"in hədəfindəki daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, "qırmızı-şeytanlar" Pyer-Emerik Aubameyanqa elçi düşüb.
İddiaya görə, Mançester təmsilçisi yayda heyətində qatmaq istədiyi qabonlu futbolçu üçün Dortmund "Borussiya"sına təklif göndərməyə hazırlaşır. İngilislərin bu transferə görə 70 milyon funt-sterlinq (təxminən 159 milyon 733 min manat) təklif edəcəyi deyilir.
Qeyd edək ki, əvvəllər İtaliyanın "Milan", Fransanın "Dijon", "Lill", "Monako" klublarında çıxış etmiş Aubameyanq 2013-cü ildə "Sent-Etyenn"dən cəmi 1,3 milyon avroya (bugünkü məzənnə ilə 2 milyon 292 min manat) "Borussiya"ya keçib. O, Almaniya klubulunun heyətində meydana çıxdığı 125 rəsmi oyunda 71 qol vurub. Cari mövsümdə 3 turnirdə (Bundesliqa, Almaniya Kuboku və Avropa Liqası) keçirdiyi 31 oyunda 30 qol vuran qabonlu forvard Bundesliqada 20 dəfə fərqlənib və bombardirlər yarışında bir qol geri qaldığı Robert Levandovskidən sonra ikinci pilləni tutur.
Avropa Liqasında cari mövsüm 7 dəfə fərlənən Aubameyanq "Qəbələ"yə qarşı iki oyun keçirib. Qrup mərhələsi çərçivəsində Bakıda keçirilən oyunda "Borussiya"nın bütün qollarına (3:1) imza atan forvard Dortmunddakı görüşdə də (4:0) bir dəfə fərqlənmişdi.
Fanat.az