“Qəbələ”nin əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu vəzifəyə Ramin Quliyev təyin edilib.
2014/15 mövsümündə klubumun U-17 komandasını çalışdıran 34 yaşlı mütəxəssis həm U-17 Liqası, həm kubokunun qalibi olub, “Qızıl dubl”a imza atıb. Quliyev əvəzedici komandanın “sükanı arxası”nda 3 il çalışan ispaniyalı Luis Araqonu əvəzləyib.
U-17-yə qədər “Qəbələ”nin U-12 komandasında da baş məşqçi olan Quliyevin yetirmələri 2013/14 mövsümünü gümüş mükafatla başa vurublar. O, 2014-cü ilin sonunda əsas komandada baş məşqçi vəzifəsini icra edən Sənan Qurbanovun köməkçisi kimi də fəaliyyət göstərib.
Quliyev futbolçu karyerasını da "Qəbələ"də başa vurub. “Şəfa” (1997-1998, 2001-2002), “Bakı” (2000-2001, 2004-07), “Neftçi” (1997-1998, 2003-2004, 2007-08), “Olimpik” (2008-2009), “Standard” (2009-2010) klublarında çıxış edən sabiq müdafiəçi 2010-2011-ci illərdə “Qəbələ”nin şərəfini qoruyub. Bu müddətdə o, komandanın heyətində 5 oyun keçirib. 2005-2008-ci illərdə Azərbaycan millisinin formasını geyinən müdafiəçi 18 matçda iştirak edib.
Fanat.az