"Qəbələ"nin rəqibi yunan futbolçu ilə müqavilə bağladı

"Qəbələ"nin rəqibi yunan futbolçu ilə müqavilə bağladı

Yunanıstan yığmasının mərkəz müdafiəçisi Sokratis Papastatopulos Dortmund "Borussiya"sı ilə müqaviləsinin müddətini uzadıb.

Qaynar.info Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun yeni müqaviləsi 2019-cu ilin iyunun 30-na kimi nəzərdə tutulub.

"Borussiya"nın idman direktoru Mixael Tsork Sokratisin uzun müddət onlarda oynayacağı üçün xoşbəxt olduqlarını bildirib. Sokratis isə bu haqda bunları deyib: "Dortmund şəhəri mənim və ailəm üçün 2-ci evdir. Çox şadam ki, mən hələ uzun müddət sarı-qara formanı geyinəcəyəm". "Borussiya" bunadək Qabon əsilli fransalı hücumçu Pyer-Emerik Obemeyanqla 2020-ci ilədək müqavilə bağlayıb. 

Qeyd edək ki, Sokratis 2013-cü ildə Bremen "Verder"indən "Borussiya"ya keçəndə 5 illik müqavilə bağlamışdı. Onun müqaviləsinə görə, bu 5 il müddətində yunan futbolçu 9,5 milyon avro qazanmalı idi. O, Dortmund klubu ilə Bundesliqada 58 matç keçirib, 2 qola və 2 ötürməyə imza atıb. Papastatopulos 20 dəfə avrokubok (1 qol) və 10 dəfə Almaniya kuboku yarışlarında iştirakçı olub.

Xatırladaq ki, 5 gün əvvəl Sokratis Bakıda "Borussiya" ilə "Qəbələ"yə qarşı 90 dəqiqə meydanda olub. O, 47-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Papastatopulosun noyabrın 5-də "Qəbələ"yə qarşı Dortmundda da 90 dəqiqə oynayacağı gözlənilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər