“Qəbələ” Topaz Premyer Liqasının XXVI turunun “İnter”lə oyununun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Simurq”la Zaqataladakı cavab oyunundan (0:0) sonra Qəbələdə məşq keçən “qırmızı-qaralar” bir günlük istirahətdən sonra yenidən bir araya gəlib.
Bu gün Bakıda toplaşan komanda martın 18-də “İnter Arena”da baş tutacaq görüşün hazırlıqlarını davam etdirib. Roman Qriqorçukun yetirmələri bu gün ADBTİA-nın stadionunda məşq keçib. Fiziki hazırlıqlarla başlayan məşq toplu çalışmalarla davam etdirilib. Yalnız bir futbolçu – zədə üzündən komandadan ayrı düşən Dodo məşqə qatılmayıb. “Qəbələ” sabah qarşılaşmanı keçiriləcəyi “İnter Arena”da son məşqinə çıxacaq.
Qeyd edək ki, martın 18-də keçiriləcək “İnter” - “Qəbələ” oyunu saat 18.00-da başlayacaq.
Fanat.az