"Qəbələ": 4 oyun, 4 qələbə

"Qəbələ": 4 oyun, 4 qələbə

Avropa Liqasında mübarizəni davam etdirən “Qəbələ”nin əvəzedici komandası 2015/16 mövsümünün hazırlığını tamamlayıb. Fanat.az xəbər verir ki, Ramin Quliyevin yetirmələri artıq yeni mövsümün ilk turunun “Qarabağ”la qarşılaşmasına hazırlaşır. 

Əvəzedicilər Qəbələdə baş tutan 4 həftəlik, mərhələli təlim-məşq toplanışına iyulun 1-də start verib. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirən komanda bütün qarşılaşmalarda qalib gəlib. 

İlk yoxlama matçını ayın 16-da keçirən Quliyevin yetirmələri Azərbaycanın U-19 millisini 2:1 hesabı ilə məğlub edib. Həmin görüşdə Əli Əlizadə və Ülvi İbazadə fərqləniblər. 

İki gün sonra “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələn "qırmızı-qaralar" 2:0 hesabı ilə qalib gəlib. Bu dəfə Əli İbazadə və Baxşəli Baxşəliyev rəqib qapısına yol tapıblar. 

İyulun 24-də Bakıda “İnter”in əvəzedicilərinin qonağı olan “Qəbələ” növbəti qələbəsini qazanıb - 2:1. "Qırmızı-qaralar" Şamil Camaləddinov və Ehtiram Şahverdiyevin qolları ilə rəqibini məğlub edib. 

İyulun son gününə təsadüf edən 4-cü yoxlama oyununda rəqib bu mövsüm Premyer Liqada mübarizə aparacaq “Rəvan” olub. “Qırmızı-qaralar” görüşün taleyini ilk yarıda həll edib. Sahil Mirzəyev, Elvin Camalov, Roman Hüseynov, Emin Zamanov və Ehtiram Şahverdiyevin qolları ilk 45 dəqiqənin nəticəsini rəsmiləşdirib - 5:0. Fasilədə heyəti dəyişərək, daha çox gənclərə güvənən Quliyevin yetirmələri matçı 6:3 hesablı qələbə ilə başa vurub. Son qolu "Qəbələ"nin əvəzedici heyətinə U-17-dən cəlb olunan Rövlan Muradov vurub. 

O, mövsümlərarası fasilədə əvəzedici heyətə qatılan 10 futbolçudan biridi. Onunla yanaşı, akademiyanın U-17 komandasından Hacıağa Hacılı, Amin Seydiyev və Baxşəli Baxşəliyev də Quliyevin rəhbərliyi altında çıxış edəcək. Əli Əlizadə, Elmiz İsmayılov, Əziz İsmayılov, Süleyman Süleymanov isə klubun U-19 komandasından cəlb olunub. Bakı “İnter”indən heyətə qatılan Ülvi İbazadə və sabiq “Simurq”lu Yusif Dilanov da yoxlama oyunlarında şans qazanıblar.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər