1988-1995-ci illərdə Polşa milli komandasının hücumçusu olmuş Roman Kosetski tarixi vərəqləyib. Fanat.az xəbər verir ki, hazırda Polşa Futbol Assosiasiyasının gənclərin inkişafı üzrə vitse-prezidenti olan 50 yaşlı Kosetski sport.pl saytının əməkdaşı Mixal Madanoviçə müsahibə verib.
O, xatirələri zamanı Qarabağ münaqişəsinə görə Türkiyənin Trabzon şəhərində oynayan millimizə qalib gələ bilməmələrindən də danışıb: "Biz öz klublarımızda həmişə aparıcı futbolçular idik, ancaq komanda şəklində oyunumuz alınmırdı. Gəlin, unutmayaq ki, güclü komandalarla - fransızlarla, hollandlarla, ən yaxşı vaxtlarında Rumıniya, İngiltərə, İsveçlə bərabər səviyyədə oynamışıq. Məsələn, İngiltərəyə evdə heç vaxt uduzmadıq, Fransa ilə isə "Park de Prens"də heç-heçə oynadıq, Hollandiyaya hətta 2:0 qalib gəlmişdik. Bunlar çox yaxşı matçlarımız idi. Ancaq İsrail, Azərbaycan kimi "zəif" komandalarla oyunlarda xal itirdik. Fikrimcə, bu fakt uğurumuza mane olurdu. Avro-96-nın seçmə mərhələsində İsrailə 1:2 uduzduq. Qitə çempionatına artıq çıxmaq şansımızın qalmadığı bilinəndə isə azərbaycanlılarla 0:0 oynadıq. Bu qarşılaşmalarda 5 xal itirdik".
Qeyd edək ki, Roman Kosetski ilk legioner karyerasını da Türkiyədə yaşayıb. O, 1990-1992-ci illərdə "Qalatasaray"ın hücumçusu olub. Kosetski İspaniyanın "Osasuna", "Atletiko" və Fransanın "Nant", "Monpelye" kimi komandalarında da çıxış edib. (qaynar.info)
Fanat.az