"Qalatasaray" növbəti transferiini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, "Cim-Bom" Salih Dursunu heyətinə qatıb.
Bu barədə "Qalatasaray"ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Kayserispor"a bu transfer üçün 2.75 milyon avro ödəniləcək. İstanbul klubu Salihlə 4.5 illik müqavilə imzalayıb.
Salih Dursunun "Qalatasaray"dakı qazancı:
2013/14 mövsümü (2-ci yarı): 600.000 lirə maaş və 10.000 lirə matçbaşı
2014/15 mövsümü: 1.200.000 lirə maaş və 10.000 lirə matçbaşı
2015/16 mövsümü: 1.300.000 lirə maaş və 10.000 lirə matçbaşı
2016/17 mövsümü: 1.500.000 lirə maaş və 12.500 lirə matçbaşı
2017/18 mövsümü: 1.600.000 lirə maaş və 12.500 lirə matçbaşı
Bundan başqa "Qalatasaray" futbolçuya həvəsləndirci mükafat da vəd edib. Belə ki, aşağıda göstərilən xal hesabı əsasında Salih cari mövsümün ikinci dövrəsində 10 xal toplasa 100 min lirə mükafat qazanacaq. Qalan mövsümlərdə isə 15 xala görə ona 150, 25 xala görə 100 min lirə ödəniləcək.
Start heyətində yer alma: 1 xal
Sonradan oyuna daxil olma: 0.5 xal
"18-lik"də yer alma: 0.25 xal
Qeyd edək ki, 22 yaşlı Salih Dursun da yarımmüdafiəçidi. Gənc oyunçu 2009-2012-ci illərdə "Sakaryaspor"un formasını geyinib. 2012-ci ildə transfer olunduğu "Kayserispor"da 43 oyuna çıxıb və 4 qol vurub. Türkiyənin A2 yığmasında 5 oyun keçirmiş Salih ötən ilin avqustundan Fatih Terim tərəfindən A milliyə dəvət alır. O, Hollandiya, Estoniya və Andorra matçlarında ehtiyatda qalaraq "ay-ulduz"lu komandada debüt edə bilməyib.
Onu da qeyd edək ki, "Qalatasaray" bundan əvvəl "Qrasşopper"dən İzet Hayroviçi, "Bucaspor"dan Umut Gökdemiri heyətinə qatmışdı. Klub hazırda "Qremio"dan Aleks Telles və "Bazel"dən Endoğan Adili ilə danışıqları davam etdirir.
Fanat.az