Cesare Prandelli ilə yollarını ayıran "Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, İstanbul klubu milli komandada Fahit Terimin köməkçisi olan Hamza Hamzaoğlu ilə anlaşıb.
44 yaşlı mütəxəssis Anadolu Agentliyinə açıqlamasında xəbəri təsdiq edib: "Qalatasaray"dan təklif aldım və prinsipial anlaşma əldə etdik. Amma hələ rəsmi bir şey yoxdu".
Türkiyə Futbol Federasiyasının mətbuat sözçüsü Mete Düren isə Hamza Hamzaoğlunun yığmadan ayrılması üçün razılıq verəcəklərini bildirib: "Bununla bağlı əvvəlcə Fatih Terim qərar verməlidi. Baş məşqçi razılıq versə, TFF onun gedişinə problem yaratmayacaq".
Qeyd edək ki, futbolçu karyerası ərzində 4 il (1991-1995) "Qalatasaray"da oynayan Hamza Hamzaoğlu 2 dəfə çempion olub. Məşqçi karyerası ərzində o, "Malatyaspor", "Eyüpspor", "Dənizlispor" və "Akhisar Bələdiyyəspor"u çalışdırıb və 2013-cü ildən milli komandada işləyir. 44 yaşlı mütəxəssis "Akhisar Bələdiyyəspor"u Super Liqaya çıxarıb.
Fanat.az