"Qalatasaray" qış fasiləsində üçüncü transferini həll edib. Fanat.az xəbər verir ki, Braziliya "Qremio"sundan Aleks Tellesin, İsveçrənin "Qrasşopper" klubundan İzet Hayrovicin transferini həll edən "Cim-Bom" "Kayserispor"dan Salih Dursunun keçidini razılaşdırıb.
Bu barədə Kayseri klubunun baş meneceri Süleyman Hurma açıqlama verib. "Salihi "Qalatasaray"a verdik" deyən klub rəsmisi ətraflı məlumat verilməyib.
Tərəflər arasındakı anlaşmanın detalları açıqlanmasa da, Türkiyə mətbuatı "Qalatasaray"ın bu transfer üçün "Kayserispor"a 4 milyon avro ödəyəcəyini yazıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Türkiyə millisinə də dəvət alan Salih ön libero mövqeyində başladığı karyerasını hazırda sağ cinah müdafiəçisi mövqeyində davam etdirir. Müdafiəyə meyilli oyunu ilə yanaşı o, hücumçulara da dəstək verir və fiziki gücü ilə seçilir.
Fanat.az