UEFA-nın "Maliyyə Fair-Playı" qaydalarına əməl etmədiyi üçün haqqında araşdırmalar başlayan və avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşən "Qalatasaray"la bağlı ilginc faktlar aşkarlanıb. Fanat.az İstanbul klubunu UEFA-nın qəzəbinə tuş gətirən səbəbləri təqdim edir.
Türkiyə klublarının səhmləri birjada yerləşdirildiyindən onlar futbolçuların transferlərinə xərclədikləri məbləği və maaşlarını açıqlamağa məcbur olurlar. "Qalatasaray"ın səhmləri 2010/11 mövsüsmündən birjaya çıxarılır və rəsmi rəqəmlər də həmin vaxtdan açıqlanır. İstanbul klubu bitən transferlərlə bağlı birja üçün rəsmi açıqlama yayımlayır.
Türkiyə mətbuatı bu faktlardan yararlanaraq "Qalatasaray"ın transferlər xərclədiyi pulları hesablaya bilib. Məlum olub ki, son 6 ildə klub rəhbərliyi 67 transfer edib və 150 milyon transfer haqqı ödəyib.
"Qalatasaray" bu müddətdə edilən transferlərə, heyətdəki oyunçuların maaşlarına, aşağı yaş qruplarından gələn futbolçularla anlaşmalara, mövcud müqavilələrin yaxşılaşdırılması və uzadılmasına böyük pullar xərcləyərək çox böyük yükün altına girib. "Sarı-qırmızılılar" 2010/11 mövsümündən bəri futbolçularla 380 milyon avroluq təmiz maaş müqaviləsi bağlayıb. Sonradan onlardan bəzilərinin müqavilələrini pozmaqla və ya başqa klublara göndərməklə bu məbləği bir qədər azalda bilib.
"Qalatasaray"ın belini Ünal Aysal qırıb
"Qalatasaray"a son 6 ildə rəhbərlik etmiş prezidentlər arasında ən bədxərci Ünal Aysal olub. Bu 6 mövsümdə onunla yanaşı, Adnan Polat, Duygun Yarsuvat və Dursun Özbek də vəzifə başında olub. Amma heç biri Ünal Aysala çata bilməyib. Onun kluba rəhbərlik etdiyi 3.5 mövsümdə 42 transfer edilib və 110 milyon avro transfer haqqı ödənilir. Duygun Yarsuvat isə pul xərcləməyib. Onun kluba rəhbərlik etdiyi dövrdə heç bir transfer baş tutmayıb.
Prezidentlərin transfer dosyesi
| № | Prezident | Müddət | Transfer | Məbləğ (mln. avro) |
| 1 | Adnan Polat | 2010-2011 | 15 | 27.75 |
| 2 | Ünal Aysal | 2011-2014 | 42 | 110.6 |
| 3 | Duygun Yarsuvat | 2014-2015 | 0 | 0.00 |
| 4 | Dursun Özbek | 2015-... | 10 | 9.50 |
Fatih Terim 25 futbolçu aldı
Son 3 çempionluğun 2-də imzası olan Fatih Terim ən çox futbolçu aldıran baş məşqçi olub. "İmperator"un dövründə klub rəhbərliyi 25 transfer edib.
Ünal Aysalın 2011-ci ildə prezident seçilməsindən sonra komandanın başına keçən Fatih Terim 2011/12 və 2012/13 mövsümlərində komandanı çempion edib, 2013/14 mövsümünün ilk dövrəsində qalmaqallı şəkildə komandadan kənarlaşdırılıb. O, 2.5 mövsümdə 25 transfer etdirib. Bu "Qalatasaray"a 78 milyon avroya başa gəlib.
Mançininin 19 milyonu...
Fatih Terimdən sonra iş başına keçən Roberto Mançininin qış fasiləsində həyata keçirdiyi "transfer əməliyyatı" da klubu daha çətin vəziyyətə salıb. 2013/14 mövsümünün qış fasiləsində heyətə qatılan 9 futbolçuya 19 milyon avro transfer haqqı ödənib. Həmin vaxt alınan futbolçulardan yalnız Koray Günter komandada qalınıb. "Qalatasaray" Mançininin dövründə alınan futbolçulardan bu mövsümün əvvəlində "İnter"ə icarəyə verilən Aleks Tellesə görə maddi gəlir əldə edib.
Baş məşqçilərin transfer dosyesi
| № | Prezident | Transfer | Məbləğ (mln. avro) |
| 1 | Fatih Terim | 25 | 78.00 |
| 2 | Roberto Mançini | 9 | 19.00 |
| 3 | Frank Rakaard | 9 | 16.75 |
| 4 | Cesare Prandelli | 8 | 13.60 |
| 5 | Georgi Haci | 6 | 11.00 |
| 6 | Hamza Hamzaoğlu | 8 | 5.00 |
| 7 | Mustafa Denizli | 2 | 4,50 |
4 mövsümdə 572 milyon avro gəlir
"Qalatasaray" son 4 mövsümdə 572 milyon 100 min avro gəlir əldə edib. Dünyaca araşdırma şirkəti "Deloitte"nin hər il yayımladığı "Pul Liqası" hesabatına görə, siyahıya 2011/12 mövsümündə 95.1 milyon avro gəlirlə girən "Sarı-qırmızılılar" 2012/13 mövsümündə 157, 2013/14 mövsümündə 161.9 və 2014/15 mövsündə 159.1 milyon avro qazanıb.
Klub bu gəlirlərə rəğmən, 2012/13 mövsümünü 38, 2013/14 mövsümünü 70.4, 2014/15 mövsümünü 55.8 milyon, ümumilikdə (son 3 mövsüm) 164.2 milyon avro ziyanla qapayıb. "Qalatasaray"ın bu mövsümün sonunda 30 milyon avro ziyan etməsi proqnozlaşdırılır.
Fanat.az