Azərbyacan Premyer Liqasına azarkeş marağı olduqca aşağıdı. Ancaq ölkənin köklü klubu olan, özünü “xalq komandası” sayan “Neftçi”nin oyunlarına azarkeş marağının olmaması da müəyəyn suallar ortaya çıxardır. XXII turun statistik göstəricilərinə əsasən azarkeş sayına görə ən aşağı göstərici “Neftçi” - “İnter” qarşılaşmasında qeydə alınıb. Paytaxt derbisini cəmi 500 azarkeş izləyib. Ən acınacaqlısı isə o idi ki, 500 nəfərin də əksəriyyəti “İnter” azarkeşi idi.
Maraqlıdı, “xalq komandası” na biganəlik nədən qaynaqlanır? Məsələnin kökündə nə dayanır? Hətta sadiq azarkeşlərin belə stadionlara gəlməməsi “Neftçi” rəhbərliyini narahat edirmi? Rəhbərlik bununla bağlı hər hansı bir tədbir görməyi, azarkeşləri stadiona cəlb etmək üçün layihələr keçirməyi düşünürmü?
Suallarımızı “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova ünvanladıq. Tahir bəy klubların, o cümlədən azarkeşlərin də bostanına daş atdı, hamını günahlandırdı...
- Rəsmi açıqlamaya görə, “Neftçi” - “İnter” oyununda cəmi 500 azarkeş olub. Klub niyə azarkeş qıtlığı yaşayır?
- Bəzi məsələlərə kompleks yanaşmaq lazımdı. Mən gözləyirdim ki, siz mənə sırf futbolla bağlı sual verəcəksiniz.
- Tahir müəllim, futbolu azarkeşlərə görə oynayırlar, azarkeşin futbola dəxli yoxdu?
- Düzdü, azarkeş də futbolla bağlıdı. “Neftçi”yə qarşı təzyiqlər var. Azarkeşlərin stadiona az gəlməsini də onların təzyiqlərə etirazı kimi qəbul edirəm. Amma deyərdim ki, “Neftçi”nin köklü azarkeşləri hər zaman tribunalarda olur.
- Anladıq, ancaq bu amil stadionun tamamilə boş qalmasının əsas səbəbi ola bilməz.
- Azarkeşlərin azalması “Neftçi”yə olan təzyiqlərə görədi. “Neftçi” son 3 mövsümün çempionudu, kubokun sahibidi. Fikir verin “Xəzər Lənkəran”la oyunda stadion dolur. Amma azarkeşlərin azalması tək bizə aid deyil. “Qarabağ”ın oyunlarına da çox az sayda azarkeş gəlir. Anacaq həmin komanda hazırda çempionatın lideridi.
- “Neftçi”nin fan-klubları da oyunlara gəlmir. Onlara ayrılan maliyyə vəsaitini də kəsmisiz.
- Xanım, futboldan danışmaq lazımdı. Ümumiyyətlə, bu məsələlərə kompleks yanaşmaq lazımdı. Düzdü, səfər oyunlarında azarkeşlər üçün avtobusların tutulmasına kömək etmişik, amma heç vaxt muzdlu azarkeşlərin tərəfdarı olmamışıq.
- Belə çıxır ki, əvvəllər “Neftçi”nin oyunlarına gələnlər muzdlu azarkeşlər olub...
- Xeyr, yenə deyirəm, biz klub olaraq hər zaman vurğulamışıq, indi də deyirik, azarkeşlərin sırf kluba bağlılığı olmamalıdı. Yəni muzdlu azarkeşlər olmamalıdı. Mən öz adımdan deyərdim ki, klubun muzdlu azarkeşlərinin olmağına mənfi münasibət bildirirəm. “Qarabağ”, “Xəzər Lənkəran”ın öz azarkeşi olduğu kimi, “Neftçi”nin də öz azarkeşi var. O azarkeşlər də öz klubuna sadiqdi. Xarici ölkələrdə oyunlara 50-60 min azarkeş gəlir, onlardan danışılmır. Amma bizdə 100-200 nəfər azarkeş gəlir və mətbuat bu azarkeşləri gündəmdə saxlayır. Niyə? Sual verirəm, niyə axı “Neftçi” - “İnter” oyununda məşqçinin hansı taktiki gedişlər etməsindən danışılmır, amma azarkeşlər məsələsi qabardılır?
- Bizi azarkeşlərin stadiona gəlməməsi narahat edir, ona görə də bu məsələni qabardırıq. Sizi necə, bu məsələ narahat edirmi? Fan-klublarla bağlı hər hansı bir planınız varmı?
- Bir daha vurğulayıram, “Neftçi”nin vəzifəsi futbol oynamaqdı. “Neftçi” son üç ilin çempionudu.
- Bu cavabınızdan anladım ki, heç bir planınız yoxdu.
- Azarkeşləri stadiona cəlb etməyə həmişə çalışmışıq, indi də çalışırıq. Amma, muzdlu fan-klublara qarşıyıq. Hər azarkeş öz klubunu sevməlidi. 5-10 manata görə stadiona gələn azarkeşlər “Neftçi”yə lazım deyil. Onların gəlməyindənsə, gəlməməyi daha yaxşıdı.
Aygün İlqarqızı
publika.az