"Neftçi" və "XL" rəsmiləri arasında "atışma" başladı

"Neftçi" və "XL" rəsmiləri arasında "atışma" başladı
"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının "Neftçi" ilə oyunda azarkeşlərə "orta barmaq" göstərməsi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, həm "Neftçi", həm də "Xəzər Lənkəran" tərəfi olaya reaksiya verib. Hər iki klubun rəsmisi qarşılıqlı ittihamlarla çıxış edib:
Hüseyn Cəbrayıloğlu ("Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri): "Biz Orxanın bu hərəkətini pisləyirik. Ancaq bunu əminliklə deyirəm ki, təxribat idi. İndiyə kimi heç kim deyə bilməz ki, "Neftçi" fanatları qapının arxasında oturub. Olub, cüzi barmaqla sayılacaq qədər. Onsuz da onların 200 azarkeşi var. Bu dəfə həmin azarkeşləri gətirib Orxanın qapısının arxasında oturtdular ki, planları baş tutsun. Mahir Şükürov müəyyən hərəkətlər etmişdi azarkeşlərə qarşı və buna görə stadion onu söyürdü. Bəs Orxan nə etmişdi ki, onu söyürdülər? Mahirin söyülməsini də pisləyirəm, yəni mən ümumi olaraq deyirəm. Orxan nə açıqlama verib "Neftçi" azarkeşləri ilə bağlı, nə pis hərəkət edib... Bu cür təxribatları, öncədən qurulan planları pisləyirik. Həmişə təxribat qarşı tərəfdən gəlir. Pulla fotoqraf tutub, plan qururlar. Biz "Xəzər Lənkəran" olaraq Orxanın bu hərəkətini də, "Neftçi"nin təxribatını da pisləyirik". (idmanxeber.com)
Gündüz Abbaszadə ("Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): "Heç bir təxribatdan söhbət gedə bilməz. O fotoqraf tam təsadüf nəticəsində yaxalayıb epizodu. Düzdü, Orxan təhqirlərə məruz qalırdı. Amma o təhqirlərdən 10 qat artığına Lənkəranda Mahir məruz qalıb. Onlar özləri Lənkərandakı oyunda Mahiri "güdmək" üçün fotoqraf tutmuşdular. Amma biz elə etməmişik. Biz oyundan sonra Mahirin o hərəkətinin səhv olduğunu dedik. Daha o hərəkətə bəraət qazandırıb, günahı başqasında axtarmadıq. Bu yenə də deyirəm təsadüf nəticəsində olub. Amma onlar sırf Mahiri izləməsi üçün Lənkərandakı oyunda xüsusi fotoqraf tutmuşdular". (korner.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər