"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Bahodir Nasimov komandanı tərk edib.
Özbək forvardın müqaviləsi başa çatıb. Son mövsümdə imkanlarından aşağı səviyyədə çıxış edən və zədədən əziyyət çəkən Nasimova yeni müqavilə təklif olunmayıb.
"Neftçi" bundan əvvəl İqor Mitreski ilə yollarını ayırıb. Makedoniyalı futbolçu karyerasını başa vurub. Onunla yanaşı, Pavel Doroşevin də gedəcəyi gözlənilir.
Qeyd edək ki, Nasimov 2010/11 mövsümündən "Neftçi"nin formasını geyinir. Bu müddətdə o, 103 rəsmi oyuna çıxıb və 41 qol vurub. 2011/12 mövsümündə 16 qolla ölkə çempionatının bombardiri olmuş forvard 3 dəfə Azərbaycan çempionluğunu və 2 dəfə ölkə kubokunu qazanıb.
Onu da qeyd edək ki, Nasimovun "Neftçi"dən gedəcəyi ilə bağlı ilk xəbəri Fanat.az aprelin 2-də yaymışdı.
Fanat.az