"Neftçi" Paveli göndərib, Dimanı gətirir

"Neftçi" Paveli göndərib, Dimanı gətirir
Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenkonun yeni iş yeri müəyyənləşib. "Report"un əldə etdiyi məlumata görə, Dima "Neftçi"də çalışacaq.
41 yaşlı mütəxəssis paytaxt klubunun qapıçılarla iş üzrə məşqçisi kimi fəaliyyət göstərəcək. O, yeni vəzifədə Pavel Doroşevsi əvəzləyəcək. İyunun 1-də latviyalı məşqçinin klubla müqavilə müddəti başa çatdıqdan sonra sabiq qapıçı vəzifəsinin icrasına başlayacaq.
Kramarenkonun özü xəbəri nə təsdiq, nə də təkzib edib. O, "Neftçi"dən hələ rəsmi təklif almadığını bildirib. Keçmiş qapıçı hazırda atası Sergey Kramarenkonun adına qapıçılar məktəbi açmaq istədiyini və bu məqsədlə sabah AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəyini söyləyib. 
Qeyd edək ki, Kramarenko karyerası ərzində Azərbaycanın "Dinamo" (Bakı), "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter", "Simurq", Rusiyanın "Dinamo" (Moskva), "Torpedo" (Moskva), "Alaniya", ÇSKA, "Baltika" və "Terek" klublarının qapısını qoruyub. Məşqçi kimi isə onun son iş yeri "Qəbələ" olub. Roman Qriqorçukun baş məşqçi təyinatından sonra Kramarenkonun "qırmızı-qaralar"la yolları ayrılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər