Kiyev “Dinamo”sunun sabiq futbolçusu Viktor Serebryanikov 1966-cı il SSRİ çempionatının sonlarında “Neftçi”yə 1:2 hesablı məğlubiyyətlə bağlı şok açıqlamalar verib. Fanat.az martın 29-da 74 yaşını qeyd edəcək Serebryanikovun “Sport-Ekspress”ə müsahibəsindən həmin hissəni təqdim edir.
- Bir dəfə siz Maslovu göz yaşlarına qərq etdiniz...
- 1966-cı il. Bakı və Rostov (söhbət “Neftçi” - OİK (Rostov) matçından gedir - red.) gümüş uğrunda mübarizə aparır. “Neftçi”nin Kiyevdə oyunu var. Axşam bazaya, mənim yanıma yeniyetmələr yığmasında birgə oynadığım uşaqlar gəldilər: Banışevski, Makarov, Bruxti. Ümid edirlər. Aydındı, onlara oyun lazımdı. Cavabım bu oldu: “Komanda ilə məsləhət edəcəyik. Babaya (Maslov - red.) deməyəcəyəm”.
- Nə üçün?
- Maslov əvvəllər Rostovu məşq etdirirdi və bu qovhaqovda onların tərəfində idi. Kisəni mənə uzatdılar, hətta orada nə qədər olduğunu da bilmirdim. Əsas heyətin 11 futbolçusunu yığdıq. Əgər oyunu veririksə, pulları elə indicə qapırıq. Yoxsa, qaytarırıq. Hamı “lehinə” səs verdi və gözlənilmədən Bışovets səslənir.
- Nə deyir?
- Deyir: “Qardaşlar, birdən Şerbitski xəbər tutsa?” Cavab verirəm: Sən deməsən, kim biləcək? Yox əgər istəmirsənsə, yaxşı, pulları qaytarım”. Kisə ilə çıxışa doğru yollandım. Bışovets dalımca elə qaçıb maykamdan çəkdi ki... Az qala cırmışdı: “Əşi, zarafat elədim! Ver bura!”. Hamımız birlikdə “Moskva” mehmanxanasına yollandıq. “Neftçi” burada məskunlaşmışdı. Danışdıq, razılaşdıq ki, bizi bir top fərqi ilə məğlub edəcəklər. Ancaq Bışovets meydanda hoqqabazlığa başladı. Bombardirliyə can atırdı. Xərac aldı, ancaq qol vurdu. Biz hər halda, uduzduq: 1:2. Baba heç nə demədən maşına oturdu, çıxıb getdi. Acığından ağladı. Biz onu satmışdıq.
- Puldan heç olmasa, Maslova çatdı?
- Onun haqqı məndə idi. Nə edim, necə edim? Zəng edirəm: “Viktor Aleksandroviç...” - “Lənətə gəlmiş əclaf!” - “Gəlmək olar?” Hər şeyi ona danışdım. Həm sözləşmə, həm Bışovets haqda. Kisəni verdim. İçində ancaq yüzlüklər ilə 1500 vardı. O, ortada nə qədər pul olduğunu görüb təşvişə düşdü: “Məni basacaqlar içəri!”
Fanat.az