"Azərbaycanda səfərdə olmaqdan məmnunuq. "Neftçi" bizim burada özümüzü yaxşı hiss etməyimiz üçün hər cür şərait yaradıb". Fanat.az xəbər verir ki, bu sözləri Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli deyib.
"Koper" sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin qonağı olub. Bu gün Bakıda mətbuat konfransı keçirən komandanın baş məşqçisi oyunla bağlı fikirlərini bildirib: "Güclü komandaya qarşı oynayacağıq. "Neftçi"nin avrokuboklarda təcrübələri var. Mənim də oxşar təcrübəm var. "Udineze"də, CSKA-da çalışmışam. Bizi iki çətin oyun gözləyir. Komandama inanıram. "Neftçi" ilə mübarizə apara biləcək güclü futbolçularımız var".
Vanoli Sloveniya çempionatının heç də zəif olmadığını söyləyib: "Bizim öz fəlsəfəmiz var. Çempionatımızda kifayət qədər güclü komanda var. Onlardan biri də "Maribor"du. Ona görə də “Neftçi”dən elə də çəkinmirik. Onların futbolçularını təhlil etmişik. Ancaq buna o qədər də diqqət ayırmamışıq. Əsas öz oyunçularımızdı".
"Koper"in baş məşqçisi Çernoqoriyanın "Çelik" klubu ilə oyunlarının danışılmış olması haqqında gəzən şayiələrə də münasibət bildirib: "Biz "Çelik”in qapıçısının qeyri-adi top buraxmasını sonradan izləyib görmüşük. Onun niyə belə etdiyini bilmirik. Bu, bizim yox, rəqibin problemidi".
Fanat.az