"Dronqo" "Neftçi"də

"Dronqo" "Neftçi"də

Onun yaradıcılığı ilə məktəb illərində tanış olmağa başladım. "Mavi mələklər"i ötən əsrin 90-cı illərində yəqin ki, ən populyar kitab idi. Bir nəfəsə oxunurdu. Əlbəttə ki, orijinlda- rus dilində. Çingiz Abdullayevin çoxsaylı kitablarının əksəriyyətinin baş qəhrəmanı Dronqodu. Heç bir təhlükədən çəkinməyən dronqo quşdu, məhz qorxmazlığına görə də Abdullayevin baş qəhrəmanı özünə bu ləqəbi seçir...

İlk olaraq o, İnterpolun əməkdaşı kimi fəaliyyətə başlayır. Ancaq seçim zamanı ən çətin məqam heç də fiziki formayla bağlı olmur. Ona tapşırıq verilir: "İki saat ərzində 2 milyon frank gətirməlisən. Heç kimə nə fiziki güc, nə də psixoloji təsir göstərmək ixtiyarın yoxdu. Sənə oyuncaq-tapança veririk". Nəzərə aldıqda ki, heç kimi hətta qorxutmaq belə olmaz, Dronqonun tapşırığı yerinə yetirəcəyi inandırıcı görünmürdü. Lakin o, 2 saat keçməmiş tapşırığın öhdəsindən gəlir. Buna necə nail olduğunu isə bu cür izah edir: "Ən yaxın polis idarəsinin telefon nömrəsini tapdım. Sonra idarənin rəisinin ad və soyadını öyrəndim. Daha sonra eyni zonadakı zərgərlik dükanına zəng vuraraq, özümü həmin polis idarəsinin rəisi kimi təqdim edərək, məşhur soyğunçunun indilərdə mağazanı yaracağını bildirdim. Dükanın müdirinə bildirdim ki, oğruya müqavimət göstərməsinlər, onu dərhal saxlayacağıq. Hər şey planlaşdırdığım kimi oldu. Heç kim nə qorxmadı, nə də hədələnmədi. Hətta elə təəssürat yarandı ki, satıcılar mənə gülürlər". Dronqonun İnterpola yolau bu cür açılır. Daha sonra o, detektiv kimi fərdi qaydada pullu xidmət göstərməyə başlayır.

Çingiz Abdullayevin yazıçı kimi özünü təsdiqləməsi çoxdan baş verib. Futbola gəlişi isə bütün proqnozları alt-üst edən xəbərdi. "Neftçi" kimi ən köklü kluba prezident təyin olunması həqiqətən gözlənilməzdi. Özü də Sadıq Sadıqovun yerinə. Əgər Sadıqova qədər nəinki "ağ-qaralar"dan, ümumiyyətlə, ölkə klublarının heç birinə qrup mərhələsinə düşmək tələbi qoyulmurdusa, indi zəmanə dəyişib. Artıq hər bir avrokubok iştirakçısından bu nəticə gözlənilir və bu ənənəni məhz Sadıq Sadıqov qoydu. İndi estafet çubuğu Abdullayevdədi və bütün futbol ictimaiyyətinin gözü  Sadıqov - Abdullayev mizanında olacaq.

Abdullayevə oyuncaq tapança verilib və tapşırılıb ki, qısa zaman kəsiyində Dronqonun qəhrəmanlığını təkrarlasın. Niyə oyuncaq? Ona görə ki, "Neftçi"də ciddi, olduqca ciddi dəyişikliklərə ehtiyac var. Legionerlər artıq "paslanıb" və yeni qana çoxdan zərurət yaranıb. Klubların maliyyə böhranında əziyyət çəkdiyi bir vaxtda novatorluq etmək olduqca müşkül məsələdi. Bacaracaqmı? Yeni Dronqonu sevdirə biləcəkmi? 

Ceyhun Əliyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər