"Beşiktaş", yoxsa "Qalatasaray"?

"Beşiktaş", yoxsa "Qalatasaray"?

Bu gün Türkiyə Super Liqasında V turun mərkəzi oyunu keçiriləcək. Fanat.az xəbər verir ki, "Beşiktaş" "Qalatasaray"ı qəbul edəcək.

Hər iki komanda üçün bu görüşdə uğura imza atmaq olduqca önəmlidi. Belə ki, "qara qartallar" qələbə qazanarsa, 5 tura 5 qələbə ilə zirvədəki yerini möhkəmləndirəcək. "Aslanlar" isə "Real"a məğlubiyyəti unudub, hər şeyə yenidən başlamaq üçün derbidən zəfərlə ayrılmalıdı. "Sarı-qırmızılar"ın mümkün qələbəsi liderlə xal fərqini 3-ə endirəcək.

Təbii, derbi ərəfəsində maraqlı statistikalar da üzə çıxarılıb. "Beşiktaş" "Qalatasaray"la oynadığı son 6 matçı qazana bilməyib. Sonuncu dəfə 2011/12 mövsümündə  üzü gülən "ağ-qaralar" o vaxtdan bəri qələbəyə həsrət qalıb. İki İstanbul təmsilçisi arasında keçirilən oyunların 3-ü "cim-bom"un qələbəsi, 3-ü isə "sülh"lə başa çatıb.

Əzəli rəqiblərin görüşü penaltisiz ötüşmür. Son 21 liqa matçında rəqib qapısına 4 penalti vuran "Beşiktaş" bunlardan hamısını qola çevirə bilib. "Qalatasaray" isə 7 penaltidən 5-də rəqibini məyus edib.

Fatih Terimin başçılığı altında iki komanda 17 dəfə qarşılaşıb. Bunların 6-da "aslanlar" qələbə qazanıb, 8-i "sülh"lə bitib, qalan 3 oyun isə "qartallar"ın qələbəsi ilə yekunlaşıb. Ümumilikdə isə komandalar 333 dəfə üz-üzə gəlib. Bunların 116-sı "Qalatasaray"ın, 111-i isə "Beşiktaş"ın qələbəsi ilə başa çatıb. 105 oyun isə bərabərliklə yekunlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər