Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gecə son iki yarımfinalçı müəyyənləşib.
Gecənin əsas qarşılaşması Madriddə "Atletiko" və "Barselona" arasında baş tutub. "Erkən final" adlandırılan cütlüyün Barselonadakı ilk oyununda meydan sahibləri 2:1 hesablı qələbə qahanmışdı. Bu səbəbdən qonaqlara mərhələ adlamaq üçün heç-heçə və ən azı iki top vurmaqla minimal hesablı məğlubiyyət də sərf edirdi. "Atletiko" isə mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi.
Gözlənilənlərin əksinə olaraq, "Barselona" üstünlüyünü qoruya bilməyib. Hesabı 36-cı dəqiqədə Antoine Qriezmann açıb. 88-ci dəqiqədə penaltidən dublunu rəsmiləşdirən fransalı oyunçu komandasını yarımfinala daşıyaraq, "Barselona" azarkeşlərinə şok yaşadıb.
Beləliklə, son 8 mövsümdə 7 dəfə yarımfinal oynayan, 7 mövsümdə 3 dəfə turnirin qalibi olan, son çempion "Barselona" yarışla erkən vidalaşıb. Maraqlıdı ki, kataloniyalıları 2013/14 mövsümünün 1/4 finalında da "Atletiko" mübarizədən kənarlaşdırmışdı. Madrid klubu isə bir mövsümlük fasilədən sonra yenidən yraımfinala çıxıb.
Gecənin digər matçında "Bavariya" "Benfika"nın qonağı olub. Mərhələnin ən zəifi hesab olunan Portuqaliya klubu ilk oyunda olduğu kimi yenə rəqibinə sonadək müqavimət göstərib, amma bu dəfə də istədiyi nəticəni qazana bilməyib. Münhendəki matçda 0:1 hesabı ilə yenilən "Benfika" evdə 2:2 hesablı heç-heçə edərək mübarizəni dayandırıb.
Hesabı 27-ci dəriqədə meydan sahiblərindən Raul Ximenes açıb. 38-ci dəqiqədə Arturo Vidal bərabərliyi təmin edib, 52-ci dəqiqədə Tomas Müller "Bavariya"nı hesabda önə keçirib. Məğlubiyyətlə barışmayan "Benfika" 77-ci dəqiqədə Anderson Taliska ilə bərabərlik qolunu vursa da, bundan artığına gücü çatmayıb. Beləliklə, "Bavariya" son 7 mövsümdə 6-cı dəfə yarımfinala vəsiqə əldə edib.
Qeyd edək ki, bundan əvvəl "Real" və "Mançester Siti" yarımfinala çıxıb.
Çempionlar Liqası
1/4 final
Cavab oyunları
13 aprel
Atletiko (İspaniya) - Barselona (İspaniya) 2:0
Qollar: Antoine Qriezmann, 36; 88-pen.
Hakimlər: Nikola Ritsoli, Elenito di Liberator, Mauro Tonolini, Canluka Kariolato (İtaliya).
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (İtaliya).
Madrid. "Visente Kalderon” stadionu.
Benfika (Portuqaliya) - Bavariya (Almaniya) 2:2
Qollar: Raul Ximenes, 27. Anderson Taliska, 77 - Arturo Vidal, 38. Tomas Müller, 52.
Hakimlər: Byorn Kuypers, Sander van Rokel, Ervin Zeinstra, Mario Diks (Hollandiya).
Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (Hollandiya).
Lissabon. "Eştadiu da Luz” stadionu.
Fanat.az