Avropa Liqasının ley-off mərhələsi çərçivəsində Serbiyada keçirilən "Partizan" - "Neftçi" görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycan Kubokunun sahibinin baş məşqçisi Böyükağa Hacıyev serblərə mesaj göndərib. Fanat.az xəbər verir ki, "Neftçi"nin çalışdırıcısı Bakıda qalib gələcəklərini bildirib.
Rəqibi qələbə münasibəti ilə təbrik edən Hacıyev cütlüyün taleyinə Azərbaycanda aydınlıq gələcəyini bildirib: "Hər şeydən əvvəl sizləri təbrik edirəm. Amma bu cütün qalibi avqustun 28-də bilinəcək. Bu gün 2:0 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, məğlub olduq. Ötən gün mətbuat konfransında demişdim ki, maraqlı oyunun şahidi olacaqsınız. Bir oyunda 5 qol matçın necə gərgin keçməsindən xəbər verir. Bir sıra oyunçularımızın olmaması müdafiədə boşluqlar yaratmışdı. Bir həftə sonra Bakıda meydana fərqli bir "Neftçi" çıxacaq. Səfərdə vurulan 2 qol bizim xeyrimizə işləyəcək. Saşa Stamenkoviç səviyyəsindən aşağı çıxış etdi. Ola bilsin, stadiondakı aura ona bir az mənfi təsir göstərdi. Ona görə avqustun 28-ini gözləyək. Həmin gün hər şeyə aydınlıq gələcək".
Fanat.az