"Qəbələ"nin polşalı qapıçısı David Petjkeviç ölkəsinin gol24.pl saytının əməkdaşı Martsin Tjinaya müsahibə verib.
Polşanın 19 yaşadək komandasında Robert Levandovski, Kamil Qrositski kimi məşhur futbolçularla oynamış David daha çox "Simurq" və "Qəbələ" karyerasından danışıb. 28 yaşlı qolkiperin müsahibəsinin bizə aid olan hissələrini təqdim edirik.
- Ötən ilin yayında Azərbaycana "Qəbələ"nin qapısını qorumaq üçün qayıtdınız. Ancaq hazırda Azərbaycana qayıdışınız uğurlu sayılmır...
- Əlbəttə, mən tez-tez oynamaq istərdim. Ancaq deyə bilmərəm ki, bu, uğursuz dönüş idi. Çünki mən bu komanda ilə Avropa Liqasının qrup mərhələsində çıxış etdim və uzun fasilədən sonra çempionatda I yer uğrunda mübarizədə oynayıram. Üstəlik, mən bu kluba qoşulanda artıq komandanın sütunu qurulmuşdu. Onda komanda Avropa Liqasının I təsnifat mərhələsində oynamışdı. Ona görə qapıda "1" nömtə olmaq çətin idi. Təbii ki, mən özümü zəif saymıram. Öz işimi görürəm, mübarizə aparıram və hesab edirəm ki, mənim də yolum olacaq (gülür).
- Polyakların çoxu üçün Azərbaycan daha çox ekzotik ölkədir. Bu ölkədə hər gün həyat necədir?
- Azərbaycanın fərqli mədəniyyəti var və əlbəttə, bizim üçün, polyaklar üçün ölkə ekzotikdir. Bütün vicdanımla deyə bilərəm ki, mən burda çox yaxşı insanlarla qarşılaşmışam. Hansı ki bu insanlar kömək etməyə, əllərindən gələni etməyə açıqdırlar və bunun üçün də siz onları sevir və hörmət edirsiniz. Mən burda artıq 3-cü ildir ki, oynayıram və bunu onların simasında təsdiqləyə bilərəm. Burda varlı və kasıb adamlar yaşayır, orta təbəqə yoxdur. Bunu hər addımda görmək olar. Məsələn, kiminsə pulu varsa, "Porşe", "Lend Rover" və ya digər avtomobillərdə gəzir. Digər tərəfdən də, kasıblar köhnə "Lada" sürür və onların maşınları istənilən vaxt dayana bilər. İlk vaxtlarda bunu görmək mənim üçün çətin idi. Ancaq aydan-aya buna öyrəşdim və indi özümü daha rahat hiss edirəm. Açığını desəm, Azərbaycanla bağlı xoş xatirələrim var... Mən idman baxımından deyirəm.
- Azərbaycanda ən qəribə və ya ən ekstremal situasiya ilə qarşılaşmısınız?
- Əlbəttə, insanların idarəetməsində fərqliliklər var... Burda adamların hərəsinin öz şəxsi yolu var və onlar necə istəyirlərsə, elə edirlər. 2-ci situasiya odur ki, adamlar bir-birləri ilə salamlaşanda öpüşüb-görüşürlər.
- Yerli sakinlər sizin matçlara maraq göstərir? Azərbaycanlıların futbola yanaşması necədir?
- Ümumi götürsək, Azərbaycan kiçik ölkədir və buna görə də çox azarkeş oyunlarımıza istənilən səviyyədə gəlmir. Əgər komanda yaxşı nəticələr göstərirsə, stadionda tamaşaçıların sayı da çox olur. Futbol burda populyardır, ancaq 1-ci yerdə deyil.
- Bilirik ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayıb. Azərbaycanın özündəki çempionat bu turnirlə eyni səviyyədədir? Siz bu oyunları necə qiymətləndirərdiniz?
- Bu, "Qəbələ" klubunun tarixində ilk idi. Digər komandalar, məsələn, "Qarabağ" artıq qrupda çıxış etmişdilər. Burdakı 3 illik həyatdan sonra deyə bilərəm ki, hər il futbolun səviyyəsi qalxırdı. Ancaq hazırda inkişaf dayanıb. Siz Azərbaycanı böhranın yaxaladığını görə bilərsiniz. Klublar daha əvvəlki tək futbolçulara pullar təklif etmirlər və buna görə də az əcnəbi futbolçu bura gəlir.
- "Borussiya" ilə qarşılaşarkən Lukaş Pişçeklə qısa söhbət etmək imkanınız oldu?
- Bəli, əlbəttə, mən Lukaşla danışdım. Hətta onunla 2 dəfə danışmaq imkanım oldu, çünki öz meydanımızda və onlarda oynadıq. Bundan başqa, biz formalarımızı matçlarımızdan xatirə qalsın deyə dəyişdik və bir-birimizə uğurlar arzuladıq.
- Bundan əvvəl Azərbaycanda Zaqatalanın "Simurq" klubunda oynamışdınız. Həmin klubla "Qəbələ" arasında çox fərqlər var?
- "Simurq" "Qəbələ" ilə müqayisədə çox böyük klub deyil, peşəkar idarə olunmurdu. Sadəcə pulları vardı və istəyirdilər ki, yaxşı komanda qursunlar. Bu da onlara son 3 ildə qurmaq mümkün oldu... Hazırda "Simurq" iqtisadi cəhətdən düzgün idarə olunmadığı üçün I dəstədədir. Bizim orda yalnız bir yolumuz vardı: məşq etmək və oynamaq. Baza da elə yaxşı deyildi, mənim indiki komandamdakı baza ilə müqayisə etmək olmazdı. "Qəbələ"də hər şey göstərir ki, Toni Adams bu klubun inkişafına kömək edib.
- Süni örtüklü meydançada oynamaq doğrudan çox da rahat deyil?
- Mən bundan şikayətlənə bilmərəm. Heç də bütün komandalar süni qazonda oynamır və biz də bu komandalara aidik. Bizim yaxşı meydançalarda məşq etmək imkanımız olur. Çünki bizə bu imkanı klub verib. Düşünürəm ki, bizim baza ən yaxşısıdır.
- Azərbaycanlılar xarici futbolçularla necə keçinirlər?
- Ayrı-seçkilik yoxdur. Azərbaycanlılar xoş və xeyirxahdırlar. Hamı necə lazımdırsa, elə də hərəkət edir.
- Çexiya çempionatından Azərbaycana getdiniz. Əgər özünüzü ekzotik yerdə sınamasaydınız, karyeranız başqa cür də ola bilərdi...
- Hər bir oyunçu istəyir ki, onun karyerası yaxşı olsun. Bu mənə də aiddir. Ancaq mən verdiyim istənilən qərardan təəssüflənə bilmərəm. Məndə olanları qiymətləndirirəm və Allaha şükürlər edirəm ki, mənə bütün bunları etmək imkanı verib.
- Azərbaycanda oynamazdan əvvəl doğuldunuz Sanok şəhərində gənc qapıçıları hazırlaşdırırdınız. Sizə Sanokda futbol ənənəsini bərpa etmək necə müyəssər oldu?
- Onda mən klubsuz idim. Sanokun "Stal" klubunda oynadığımdan o klubla bağlı çox yaxşı xatirələrim vardı. Uşaqlar kütləvi şəkildə mənə belə bir təklif irəli sürdülər, gördüm ki, etmək olar. Bilirdim ki, vaxt gələcək, onlarla yollarımı ayıracağam. Çünki mən bu klubda formamı bərpa etmək üçün çalışırdım. Daim "Stal"ın məşqçiləri ilə ünsiyyətdə oluram. Bir gözəl gün gələcək, mən də futbolu ən yüksək səviyyədə oynamağıma şərait yaradan öz klubumu təmsil edəcəyəm.
- Yayda "Qəbələ" ilə müqavilənizin müddəti başa çatır. Siz Azərbaycanda qalacaqsınız, yoxsa birdəfəlik Polşa çempionatına qayıdacaqsınız?
- Gələcəyə gələndə, hələ heç nə deyə bilmərəm... Çünki hələ hər hansısa qərar qəbul etməmişəm. Ancaq vaxtı çatanda mənim və ailəm üçün ən yaxşı olan qərarı qəbul edəcəyəm. Əlbəttə, mən nə vaxtsa evimə yaxın olmaq üçün Polşaya birdəfəlik qayıdacacağam. (Qaynar.info)
Fanat.az