"Qəbələ” 2019/20 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra istirahətə yollanan "qırmızı-qaralar” Bakıda bir araya gəlib. Elmar Baxşıyevin komandası Bakı Olimpiya Stadionunda hazırlıq keçib. Məşq prosesinin ilk yarısı arenanın ehtiyat meydançasında keçirilib.
Futbolçular yüngül qaçışla kifayətləniblər. Ardınca komanda üzvləri fiziki hazırlıq keçiblər. "Qırmızı-qaralar” məşqlərini bu gün davam etdirəcək.
Qeyd edək ki, hazırlıq prosesinin paytaxtda baş tutacaq ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.
"Qəbələ” ayın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki "Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq. Yanvarın 14-də "qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi "Çayka” olacaq. Ayın 22-də Bolqarıstanın "Etar” klubu ilə üz-üzə gələcək komanda yanvarın 25-də bu ölkənin digər təmsilçisi "Dunav” ilə qarşılaşacaq.
Fanat.Az