Moskva "Spartak"ın yarımmüdafiəçisi Kvinsi Promes bıçaqladığı əmisi oğluna təzminat ödəməlidir.
Fanat.Az xəbər verir ki, məlumatı NU yayıb.
2020-ci ilin iyulunda ailə məclisində mübahisə zamanı Promes əmisi oğlunu dizindən bıçaqlayıb. Buna görə 18 ay həbs cəzasına məhkum edilən futbolçu məhkəmənin bu qərarından apellyasiya şikayəti vermişdi.
Çərşənbə axşamı Amsterdam Apellyasiya Məhkəməsi Promesin qohumuna dəymiş ziyanı ödəməli olması barədə hökm çıxarıb.
Bu azmış kimi, Promes külli miqdarda kokain qaçaqmalçılığında iştirak etməkdə günahlandırılır. Prokuror futbolçuya 9 il həbs cəzası istəyib. Məhkəmə bu işə fevralın 14-də qərar verəcək. 32 yaşlı Promes hazırda BƏƏ-də "Spartak"ın toplanışındadır.
Qeyd edək ki, yayda Rusiyada təlim-məşq toplanışında olan “Neftçi”nin moskvalılara uduzduqları (0:2) yoldaşlıq görüşündə qollardan birini məhz Kvinsi Promes vurub.
Mirağa