“Neftçi”nin qara bağı

“Neftçi”nin qara bağı

Əli Sahib

Ya zəlzələdən, ya da vəlvələdən dünən “Neftçi” məğlub oldu. Bu məğlubiyyətə heç bir bəhanə ilə haqq qazandırmaq olmaz. Böyükağa Hacıyev başının dəstəsi ilə məğlub oldu. Bəli, iki il bundan qabaqkı “komanda” dediyimiz toplum, artıq dəstəyə çevrilib. Dəyəri olmayan bir dəstəyə. Dəyərlər artıq xərclənib. Deyəndə ki, cənab Hacıyev özünü bitirib artıq Flaqmanı xərcləyir, məndən inciyirdi  “Neftçi”dəki “dost”larım. Bu da son durum. Flaqmanın artıq flaqı qalıb. “F”-sına qədər bitirəcək “Neftçi”ni. Məgər klub rəhbərliyi futbolçuların meydanda sürünməsini, hər kəsin öz imkanlarından aşağı çıxış etməsini görmür? Məsələn birini mən deyim: Yoldaş Sadıqov, sizçə Bertuççi banan yeyib kökəlir, yoxsa məşqlərin keyfiyyətsiz olmasından bu hala düşüb?  Demədi deməyin, Arazı da itiririk. Ayıbdı vallah, heç bir peşəkar klubun baş məşqçısı ağzına “svistok” alıb fiziki hazırlıq keçmir.  Heç buna peşəkar dediyimiz klubların rəhbərliyi də imkan verməz. Bu klubun  gündən-günə uçuruma yuvarlanmasını siz də görürsünüz. Buraxın hər deyilənə inanmağı, qərar verin. O qərarı ki, “Neftçi”yə əzəmətini qaytaracaq. O “Neftçi” ki, təkcə böyükağa hacıyevlərin yox, stadiona gələnlərin olacaq. Hacıyevə başa salmalısınız ki, qrup mərhələsinə təyyarə ilə getmişik, səninlə yox. Əgər dahilikdən danışırsansa bunu “Standard” klubuna tətbiq edərdin. Yəni bu qədər bəsit...

Həə... Bir az da Hacıyevin Sadıq Sadıqova  məğlubiyyət hesabatından əsas məqamı deyim. Ot örtüyü. Bəli, meydança sanki, torpaq örtüyü idi, sadəcə baxımsızlıqdan ara-sıra ot-alaf bitmişdi. Amma cəsarətli tanıdığımız Böyükağa Hacıyevin mətbuat konfransında həmin şeyi (red - cəsarət sözünü iki dəfə təkrarlamamaq üçün şeydən istifadə edirəm) çatıb demədi ki, otun bu hala salınması cinayətdi. Etiraf etmədi ki, bu stadionda oynamaq istəmirdim, UEFA müraciətimizi rədd etdi. Məhz Avropanın ali qurumunun bu qərarından sonra çarəsizlikdən Akif İsmayılovun “örüşünə” gəldik və sözün əsl mənasında rəqib bizi otardı. 

Bilirəm, belə deyə bilməzdi İsmayılov haqqında. Hacıyevdən bir sitat gətirim. O vaxt  “Muğam evi”ndə “Neftçi”yə çempionluq medalları təqdim olunanda Hacıyev “Sadıq müəllim bizim dədəmizdi” demişdi. Bəlkə də Böyükağa bəyə Sadıqovun toxunmama səbəblərindən biri budu. Ağzını “rastamojka” edə bilir. Kimi vurmaq lazımdısa danışdırır, lazım olmayanda “mute” düyməsinə. Axı "dədə"sidi. Akif İsmayılov məsələsində də sonuncu düymə ilə idarə olunub.

 Nə isə... Olan oldu. “Neftçi” rəhbərliyi  bundan sonra olacaqların qarşısını almalıdı. Zəif bəndi yox, qaranlıqda görünməyən qara bağı tapıb klubdan kənarlaşdırmalıdı. Mən dedim, indi siz deyin, kimdi günahkar?

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər