“Neftçi”dəki xaosa baxış -ya satın, ya pul verin!

“Neftçi”dəki xaosa baxış -ya satın, ya pul verin!

Ardıcıl 3 çempionluqdan sonra “qızıl”ı “Qarabağ”a güzəştə gedən “Neftçi”nin hazırki durumu birmənalı qarşılanmır. Düzdü, flaqman titul qazanmağa yenə yaxındı. Bakılılar ölkə kubokunun finalına vəsiqə qazanıb və Avroliqaya vəsiqəni rəsmiləşdirib. Ancaq “xalq komandası”nın indiki rəhbərlik tərəfindən bərpa edilən imicini nəzərə alsaq, komandanın uğursuz mövsüm keçirdiyini düşünənləri də anlayarıq. Doğrudan da klubda maliyyə sıxıntısı və qeyri-müəyyənlik davam edir.  Bəs görəsən bu vəziyyət nə vəd edir?

SOCAR pul vermir

Neft boyda təbii sərvətə malik ölkənin əsas gəlir mənbəyinin cüzi hissəsi də “ağsaqqal komanda”nın saxlanılmasına sərf edilir. Əlbəttə, 1937-ci ildə yaradılmış “Neftçi” uzun müddət Azərbaycanın böyük futbol müstəvisində tək təmsilçisi olub və stajlı futbol azarkeşləri üçün ağ-qara forma həm nostalji, həm də elə Azərbaycan futbolu deməkdi. Reallıq budu ki, SOCAR iddialı kluba lazım olan məbləğdə pulu Bakı təmsilçisindən əsirgəyir. Futbolçuların maaşlarının, işçilərin əməkhaqqılarının gecikməsi faktdı. Klub rəsmiləri mövcud vəziyyəti ictimaiyyətə rəsmən açıqlamasa da, belədi.

Bildiyiniz kimi, 2015-ci ildə ilk dəfə ölkəmizdə düzənlənəcək Avropa Oyunlarına hazırlaşmaq yetərincə ciddi paralar hesabına başa gələcək. İnşa edilməkdə olan Olimpiya stadionuna yönəldilən pulun məbləğindən söhbət açmaq başqa söhbətin mövzusu olsa belə, hər şeyin neftdən gələn gəlirlə nizamlandığı məlumdu. “Neftçi”dəki para çatışmazlığının, əsas sponsorun tələb edilən vəsaitlə klubu vaxtında “qidalandırmamasının” ana səbəbi məhz sözügedən hazırlıq prosesidi.

Rəhbərlik dəyişsə…

Sadıq Sadıqovun prezident postundan uzaqlaşdırılacağıyla bağlı yayılan informasiyalar həqiqətdən uzaqdı.  İş başına keçəndən sonra komandanın 3 dəfə ölkə çempionluğunu, ölkə kubokunu qazanmasına, tarixi ilkə imza atıb Avroliqanın qrupunda oynamasına şahidlik edən Sadıqov idman aləminə yad sima  deyil. Uzun müddət “Neftçi İSM”-də çalışan adam futbol təsərrüfatının iyrəncliklərini görənədək fərdi idman növlərində çox uğurlar görüb. Prezident başa düşür ki, Azərbaycanda yüksək hədəflər uğrunda mübarizə aparan klubun büdcəsi bəlli səviyyədən aşağı düşə bilməz. Cibdən maliyyələşən digərlərindən fərqli dövlətin komandasına ayrılan pullar ciddi nəzarət altındadı. Obrazlı yanaşsaq, “Bakı”, “Qəbələ”, “Xəzər Lənkəran”dakı maliyyə durumu bir nəfərin əhval-ruhiyyəsindən asılıdısa, “Neftçi”dəkilər məsul yükü çiyinlərinə qaldırdığını hər an xatırlayır. Düzdü, “ağ-qaralar” titulları qəpik-quruşla əldə etməyib. Lakin bəzi klubların bundan 3-4 dəfə çox vəsaitlə heç nəyə nail olmadığını yada salsaq, deməli, ortada düzgün idarəçilik, uğurlu siyasət amili də var. Bəli, komanda 2012-ci ilin yayında Avroliqada oynamağı haqq edəndə baş məşqçi postunda Böyükağa Hacıyev əyləşmişdi. Amma Hacıyevi samballı olayın həyata keçməsini şərtləndirən əsas obraz sayanlar eyforiyaya qapılanlardı. O, sadəcə yerinə düz qoyulmuş fiqur idi.  Menecerlərin və cibini doldurub qaçmaq istəyən futbolçuların sonsuz nifrətini qazanan vitse-prezident Tahir Süleymanovla birgə Azərbaycan reallığı ilə uzlaşan mühit formalaşdıran Sadıqov yerli standartlara cavab verən cığırla irəliləməyin yolunu tapmış insandı.

Şübhəsiz, “Neftçi”dəki nəticəyə gedə bilən mühitə çaxnaşma salınmasını, işini görməyi bacaran insanların aradan götürülməsini arzulayan çoxdu. Şərti rəqəmlərdən yararlansaq, 5 manat büdcəylə ardıcıl 3 “qızıl” alan, qitəmiqyaslı turnirin qrupunda oynayan, yerli futbol təfəkkürünü dəyişən klub istər-istəməz 10 manatı hər mövsüm havaya sovuranları zərbə və sorğu-sual altında qoyur. Bir var çirklıi pulların yuyulması üçün saxlanılan, öhdəçilik şəklində hansısa oliqarxa “yüklənmiş” klub, bir də var hədəfə doğru irəliləməyi, puldan və mövcud şəraitdən faydalana bildiyini isbatlayan camiə. Sadıqov maliyyə sıxıntısı fonunda süni bahalaşmaya səbəb olan, para müharibəsində rəqib tanımayanlarla ayaqlaşmağın çox çətin olacağını anlayır. Tutaq ki, flaqman rəhbərliyi Araz Abdullayevə verməyə 250 min dollar tapmasa, futbolçuya yarım milyonu gözüyumulu sayanlar “Neftçi”nin yetirməsini dərhal “oğurlayacaq”. Bu başqa məsələ ki,ölkəmizdə  real dəyəri 200 min olan azərbaycanlı oyunçu yoxdu! Hə, büdcə azaldılsa, yerli gənclərdən də komanda qurmaq, hardasa, “Simurq”, AZAL səviyyədə döyüşkən kollektiv formalaşdırmaq mümkündü. Amma “Neftçi”nin zəiflədilməsi də özlüyündə ölkə çempionatında rəqabətin kökündən zərbə almasına yol açar. Eyni zamanda, böyük hədəflərlə vidalaşmaq hazırki rəhbərliyin iddiasıyla tərs mütənasibdi.  Təzyiqlər və maliyyə sıxıntısı, çəkilən əziyyətin “yuxarılar” tərəfindən layiqincə qiymətləndirilməməsi (Lazımsız Birlik Kubokunu qazanan “İnter”I İlham Əliyev şəxsən qəbul etdi, Avroliqanın qrpuna düşən “Neftçi”nin isə yox) başqanı da ruhdan salır. Hiss olunur ki, o, özü getməyin vaxtının çatdığını düşünür. Qalıb çalışmasını istəyənlər isə iddiasına uyğun şərait yaratmır. Bundan böyük xaos?

Ölkədə futbol sahəsində fəaliyyət göstərənlərin 90 faizi idmanla yaxından-uzaqdan əlaqəsi olmayan insanlardı. “Neftçi”nin hegemonluğu hərənin öz vəzifəsini məsuliyyətlə icra etməsindən qaynaqlanırdı. Rəhbərlik dəyişsə, “ağ-qaralar”ın yavaş-yavaş futbolun nə demək olduğunu öyrənən iddialılar arsında itib-batacağı bəllidi. Niyə? Niyəsi budu ki, Sadıqovun yerinə kimin gələcəyini, Süleymanovu hansı futbol adamının əvəzləyəcəyini fikirləşərkən layiqli namizəd tapmaq belə, qəliz məsələdi. Neft sektorunda rəhbər vəzifələrdə işləmiş hansısa kadra “bu pul, bu da klub” deməklə uğurun açarını ona vermiş olmayacaqlar. Əlqərəz, “laxlatsalar”, yaxın gələcəkdə “Neftçi” adı uğurla yanaşı çəkilməyəcək.

Ya satın, ya pul verin!

Azərbaycan klublarının səhm anlayışından bixəbərliyindən danışmaq, həssas və üzücü həqiqəti yenidən ortaya atmaq həmişə cansıxıcıdı. Ancaq dövlət flaqmanı bu günə qoyursa, klubun oliqarxlardan birinə həvalə satılması daha yaxşı olar. Süründürməçilik nəyə lazımdı? Ya satın, ya da iddiasına uyğun pul ayırın! Müasir futbolda quru planlarla irəli addımlamaq dəryada balıq sevdasıdı. Hazırda “xalq komandası” Avropa Oyunlarının, ölkəyə nə dərəcədə xeyir verəcəyi məlum olmayan yarışın qurbanıdı.  Vəziyyət düzəlməsə, “Neftçi”sevərlər Avroliqada flaqmansayağı iştirakı yuxuda görəcək.  İdmanda nailiyyət naminə “idmanın şahı”nda sözünü deməyi arzulayan klubu “baltalamaq” hansı məntiqə sığır?

NİHAT , “Futbol+”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər