"Kəpəz" Premyer Liqanın 34-cü turunda "Neftçi"yə böyük hesabla məğlub oldu. Qərb təmsilçisinin darmadağına məruz qalmasının səbəbi heyətdəki itkilər idi. Görüşün iştirakçısı olmayan yeddi heyət üzvündən biri qapıçı İqor Rodrigesdir.
Braziliyalı qolkiper Fanat.Az-a müsahibəsində həm bu oyun, həm də karyerası ilə bağlı fikirlərini bildirib.
- Cəza səbəbindən "Neftçi" ilə oyunda iştirak etmədin və komandan 1:5 uduzdu. Qapıda sən dayansaydın, darmadağından qaçmaq mümkün olardı? - Hamıya məlumdur ki, “Kəpəz” bu matça çox vacib oyunçuları olmadan çıxmışdı. Buna baxmayaraq, bu gün meydanda olan oyunçular çox yaxşı mübarizə aparıb əllərindən gələni etdilər. Mən onlarla fəxr edirəm.
- Premyer Liqadakı hakim idarəçiliyini necə qiymətləndirirsən? - Hakimlər haqqında danışmağı heç sevmirəm. Onlar da oyunçular kimi vəzifələrini yerinə yetirmək üçün meydana çıxırlar və əllərindən gələni etməyə çalışırlar. Bu baxımdan onlara mənim böyük hörmət var.
- "Sumqayıt"la matçda əla oyun keçirmişdin. Komandan Premyer Liqada qalmağı təmin edəndən sonra özünüzü necə motivasiya edirsiz? - Həmişə meydana 3 xal qazanmaq üçün çıxırıq. Mövsümün sonuna qədər eyni məqsəd üçün mübarizə aparacağıq.
- Mövsüm sona yaxınlaşır. Klubda qalmağı düşünürsən? - Mövsümün bitməsinə hələ 3 oyun var. Çempionat bitəndə bu haqda danışmaq imkanımız olacaq.
- Ümumiyyətlə, Azərbaycan klublarından və ya xaricdən təklif almısan? - Hazırda bütün diqqətimi mövsümü ən yaxşı şəkildə başa vurmağa yönəltmişəm. Dediyim kimi, çempionat bitəndən sonra bu barədə düşünmək üçün vaxtım olacaq.
Nahid Ustaclı