Nə istəyirsiz "Neftçi"dən?

Nə istəyirsiz "Neftçi"dən?

Əli Sahib

Nə düşmüsüz "Neftçi”nin üstünə? Bu gün iki müəllif yazısı oxumuşam ikisi də "Flaqman"dan. Hər iki həmkarım - Aydın Bağırov və Amal Abuşov - öz qərəzli niyyətləri ilə "Neftçi”ni tutduğu məqsədyönlü, təqdirəlayiq yolundan, strategiyasından yayındırmaq istəyir. 

Həmkarım Aydın "Neftçi”ni Samir Ələkbərovu unutmaqda şiddətlə qınayır. Qardaşım, "Neftçi” neynəsin? İmkanlı vaxtlarında ediblər. Məsələn, Zaur Tağızadəyə vida matçı keçirtdilər. Bilmədiyimiz çox "hörmətlər” olundu. "Qızıl oğlan”a əllərindən gələni etdilər ki, "Neftçi”dən daha perspektivli kluba getsin. Eşitdiyimə görə Zaur bir şərtlə klubdan getməyə razılaşıb ki, komandanın avtobusundan onun şəklini soysunlar. Əvəzində İqor Getmanın şəkli vurulsun fikrini irəli sürən Tağızadə "mən onsuz da klub rəhbərliyinin ürəyindəyəm” deyib, gedib. Halal olsun!

  

Aydın, Samir Ələkbərovu biz də sevirik, amma, "Neftçi” kimi yox! Ağlıma bir ideya gəldi. "Flaqman”a gəldiyi ilk günlərdən maraqlı ideyaları ilə yadda qalan vitse-prezident Elnur Məmmədova təklif edəcəm bu fikri. Demişdi ki, mətbuata ayrılan pulu kəsib, kluba avtobus alacam. Əla fikir idi. Mən də təklif edirəm ki, avtobus alandan sonra  pulun qalanına Ələkbərova bir ev və aylıq "konvert” təyin etsinlər. Edəcəklər də! Halal olsun! Aydın, çıxart o yazını saytdan.

Amal, sənə nə olub? "Neftçi” xalq komandasıdı, xalqın komandasıdı. Əziz neyləməlidi? Bu dövlətin vətəndaşıdısa, ona da neftin bir damlası düşür. Hər kəs payını alacaq! Tamammı? Mahir gəldi, aldı, getdi, Elnur gəldi, aldı, getdi, Əziz niyə almasın? Niyə avtobus almasınlar axı... Alacaqlar, mütləq! Halal olsun!

Ar da olsun "Neftçi”nin adından istifadə edib, formasını geyinib ona uğur əvəzinə ləkə gətirənlərə! 

P.S. Ramiz Rövşənin şeirindən iki misra ilə bitirək: 

Neftlə getdi bərəkətin, bərəkət qaçdı səndən,

Neftlə getdi bəkarətin, borular keçdi səndən...

P.P.S. "Neftçi”dən keçən boruların diametri o qədər böyük oldu ki, həmin borunu o baş, bu baş iki dəfə ayaq üstə keçənlər də tapıldı…

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər