Millimizdən imtina edən məşqçi "Qalatasaray"da?

Millimizdən imtina edən məşqçi "Qalatasaray"da?
Çempionlar Liqasında uğursuz çıxış edən "Qalatasaray"ın Çezare Prandelli ilə yollarını ayırması gözlənilir. Fanat.az xəbər verir ki, artıq İstanbul klubunun baş məşqçi postuna ilk namizəd açıqlanıb.
Bosniya və Hersoqovina mətbuatının məlumatına görə, bu ölkənin yığma komandasına başçılıq edən Safet Suşiç "Qalatasaray"ı çalışdıra bilər. Ölkənin ən çox tirajlı qəzetlərindən olan "24 saat"ın "İstər inanın, istər inanmayın" başlığı ilə yayımladığı xəbərdə qeyd edilir ki, 59 yaşlı mütəxəssis ötən həftə İstanbula gələrək klub rəhbərliyi ilə görüşüb.
Qəzet yazır ki, Suşiçin köməkçisi Elvir Baliç bir müddətdi "Qalatasaray"ın oyunlarını izləyir və məlumat toplayır. 
Xatırladaq ki, bir neçə gün əvvəl Suşiçin milli komandamızın baş məşqçi postuna namizəd olması barədə xəbərlər yayılmışdı. Berti Foqtsun istefasından sonra AFFA-nın ona illik 3 milyon avro dəyəri olan müqavilə təklif etdiyi deyilirdi. Lakin 59 yaşlı mütəxəssis 5 ildi çalışdırdığı Bosniya və Hersoqovina yığmasındakı işini davam etdirmək istədiyindən təklifdən imtina edib. 
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məsələyə belə münasibət bildirmişdi: "Müxtəlif menecerlər tərəfindən AFFA-ya bir neçə namizəd məşqçi təklif olunub. Suşiçi bizə təklif edən menecer də onun CV-si assosiasiyaya göndərib. Lakin ona nəinki təklif edilməyib, heç məsələsinə də baxılmayıb. Bu mütəxəssisin çalışdırdığı komandanın təmsil etdiyi federasiya ilə müqaviləsi də var". 
Suşiç özü də xəbərə münasibət bildirmişdi: "Bəli, belə bir şey olub. Amma konkret sizin federasiyadan mənə zəng etməyiblər. Dünən mənə bir menecer zəng etmişdi. O, Berti Foqtsun Azərbaycan millisindən ayrıldığını və yığmaya məşqçi axtarıldığını bildirdi. Amma mən orda işləmək istəmədiyimi söylədim".
Qeyd edək ki, Suşiç məşqçi karyerası ərzində Fransanın "Kann", Türkiyənin "İstanbulspor", "Konyaspor". "Ankaragücü", "Çaykur Rizəspor", "Ankaraspor" və Səudiyyə Ərəbistanın "Əl-Hilal" klublarını çalışdırıb. O, 2009-cu ildən başçılıq etdiyi Bosniya və Hersoqovina yığması ilə DÇ-2014-ün final mərhələsində iştirak edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər