Əvvəllər "Neftçi"də maliyyə problemi olduğu haqda mətbuatda xəbər çıxan kimi, klub rəsmiləri dərhal təkzib dolu açıqlamar verib, hər şeyin qaydasında olduğunu deyərdilər. Amma bu dəfə deyəsən, vəziyyət doğrudan da ciddidi. Məsələ burasındadı ki, "Neftçi" mətbuata ötən ildən borclu qaldığı reklam pulunu ödəmir. Reklam borcunun ödənilməsi üçün kluba dəfələrlə müraciət olunsa da, hər dəfə bir bəhanə gətirilib: "Yaxın günlərdə həll olunacaq", "Buxalterimiz xəstədi, işə çıxmır", "Bir neçə günə hər şey həll olunacaq" və sair və ilaxır. Amma nə "buxalter" sağalıb işə çıxmır, nə də "Neftçi" rəsmilərinin "bu gün-sabah"ları bitmir.
Komanda.az saytı "Neftçi" tərəfindən aylardı aldadılan mətbu orqanlarının baş redaktorları arasında sorğu keçirmək qərarına gəlib. Öyrənmək istəyiblər ki, paytaxt klubunun rəhbərliyi onları neçə vaxtdı aldadır?
Mahir Rüstəmli, "Futbol+" qəzetinin baş redaktoru: "Neftçi" PFK-nın reklamı qəzetimizin 1-ci səhifəsində oktyabrın 31-nə qədər yer alıb. Lakin son ilyarım ərzində davamlı gecikmələr üzündən noyabrın 1-dən əməkdaşlığı dayandırmışıq. Daha doğrusu, klubdan ödəmələrlə bağlı heç bir ümidverici xəbər almadığımdan, noyabrın 1-dən banneri götürdük. "Bakı" ilə əməkdaşlıq zamanı eyni problemi yaşamışdıq və sonda çox çətinliklə pulumuzu almışdıq deyə, bir daha intəhasız sonluğa qədər səbr nümayiş etdirə bilməzdim. Beləliklə, yeni vitse-prezident Elnur Məmmədovun dediyinə görə, oktyabrın 1-dən media ilə reklam əməkdaşlığına son qoyduqlarını nəzərə alsaq (hərçənd şəxsən mənə heç bir xəbərdarlıq etməyiblər!), "Futbol+"ə avqust və sentyabr aylarının pulunu borcludular. Amma bir daha xatırladıram ki, oktyabrda da qəzetimizdə bannerləri yer alıb və faktiki üç ayın pulunu borcludular. "Neftçi" bizə sonuncu dəfə noyabrın 27-də iyul ayının pulunu ödəyib. Borcla bağlı dəfələrlə Elnur Əşrəfoğlu, Gündüz Abbaszadə və Zaur Mütəllimov ilə danışmışam. Sadıq Sadıqova cavabsız mesaj yazmışam, nəhayət, srağagün Elnur Məmmədov ilə də danışmışam. Şəxsən mən hansısa ağlabatan izahat almamışam. Gah deyirlər ilin əvvəlində "Neftçi"də həmişə belə problem yaranır, gah deyirlər klub əldən-ələ keçir, gah deyirlər media ilə əməkdaşlıq sual altındadı. İstənilən halda, "Futbol+" olaraq bizə çatası pulu tələb edirik və onu kiməsə bağışlamaq fikrində deyilik. Özü də pulu məhz dollarla alacağımıza, "Neftçi" rəhbərliyinin son günlər manatın kursunun sıçrayışla endiyini nəzərə alacağına inanıram. Yox, "Neftçi" saymazyana münasibətini dəyişməsə, borcu ödəməsə, onda həm klubun qeyri-rəsmi dayağı Rövnəq Abdullayevə, həm də ölkə prezidenti İlham Əliyev cənablarına müraciət etmək hüququndan yararlanmağa məcbur olacam".
İxtiyar Əsgərov, "Apasport.az" saytının baş redaktoru: "Reklam əməkdaşlığına görə "Neftçi"nin bizim sayta da ödənişi bir neçə aydı gecikir. Borcun konkret məbləğini açıqlamaq istəməzdim. Hər halda, dəqiq rəqəmi klubun mətbuat katibindən tutmuş, mühasibi, vitse-prezidenti, prezidentin müşaviri, hətta prezident Sadıq Sadıqov da bilir. Bununla bağlı klub rəsmiləri ilə söhbətimiz olanda, hər dəfə "görək də, gələn həftə nəsə olmalıdı" cavabını almışam. Təbii ki, aldığım cavablardan bezib, təxminən 20 gün öncə klubun prezidenti Sadıq Sadıqovla danışmışam. And-aman elədi və kişi kimi söz verdi ki, yaxın günlərdə bütün ödənişlər həyata keçiriləcək. Amma çifayda. Həqiqətən də Sadıq müəllim müqəddəs torpağa - Məkkəyə gedib, özünü əsl Hacı sayırsa, verdiyi sözə əməl eləməlidi".
Əli Sahib, "Fanat.az" saytının baş redaktoru: "Neftçi"nin bizə 5 aylıq borcu var. Keçən ilin noyabr ayından etibarən hər dəfə ödəyəcəklərini desələr də, hələ ortada heç bir şey yoxdu".
Şahin Oğuz ,"Sportal.az" saytının baş redaktoru: "Neftçi" klubunun bizə keçən ildən qalma bir aylıq reklam borcu var. Klubdan bizə borcu dekabrdan bəri hər dəfə qaytaracaqlarını desələr də, borc hələ də ödənməmiş qalır".
Saleh Arslan, "Korner.az" saytının baş redaktoru: "Başqalarında necədisə, bizdə də elədi vəziyyət. Bir neçə ayın reklam əməkdaşlığı üçün nəzərdə tutulan borcu qalıb. Borclu olduqları pulu da ödəmirlər".
Rəşad Ergün, "Komanda.az" saytının baş redaktoru: "Tahir Süleymanov "Neftçi"də vitse-prezident işləyəndə pis-yaxşı "Neftçi" mətbuatın reklam pulunu ödəyirdi, əməkdaşlığa əməl etməyə çalışırdı. Süleymanov getdi, əvəzində Elnur Məmmədov vitse-prezident postunda əyləşdi. O vaxtdan bəri "Neftçi"ylə mətbuatın təkcə reklam əməkdaşlığı yox, ümumiyyətlə, klub-futbol camiəsi arasında bağlar yoxa çıxdı. Bu klubla bağlı hansısa bir açıqlamanı almaq üçün nə əziyyət çəkirik, Allah bilir. "Neftçi"də kim nə işlə məşğuldu, yəqin özləri də bilmir.
Reklam borcuna gəlincə, Komanda.az olaraq bizə rəsmi şəkildə reklam əməkdaşlığının dayandırıldığı haqda məlumat verilməyib. Sadəcə, eşitmişik ki, ötən ilin oktyabrından mətbuatla reklam əməkdaşlığı dayandırılıb. Belədə "Neftçi"nin bizə bir aylıq reklam borcu qalır ki, onu da dəfələrlə istəməyimizə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr eşitmişik. Bir klub onun təbliğiylə məşğul olan, oyunlarını işıqlandıran mətbuata bu qədər hörmətsizlik etməməlidi. Görünür, "Neftçi" rəhbərliyi ya bu klubun tarixini, ölkə futbolunda hansı çəkiyə malik olduğunu bilmir, ya da bilib, bilərəkdən klubun imicini korlayırlar.
"Neftçi"nin ödəməli olduğu reklam borcu tezliklə ödənməsə, bizim kimi, bu klubun borclu olduğu qəzetlərlə, saytlarla danışıb, bir çıxış yolu tapacağıq".
P.S. Məsələylə bağlı "Neftçi" rəsmilərindən münasibət öyrənməyi lazım bilmədik. Amma hələ ki... Deməyə sözləri varsa, buyursunlar, neçə vaxtdı aldatdıqları mətbuat onların fikirlərini işıqlandırmağa hazırdı.
Komanda.az