ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən "Marcet" Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2008-2009-cu il təvəllüdlü futbolçular bu gün səhər saatlarında İspaniyaya yola düşüb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, iyulda 51 yeniyetmə arasından seçilən 15 uşaqdan yalnız Tuncay Əhmədov digərlərinə bir qədər gec qoşulacaq.
Belə ki, U-17 millisində çıxış edən Tuncay yığmanın oyunlarına görə Barselonaya bu ayın sonunda yollanacaq.
4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcək yeniyetmələrin adları belədir: Elbrus Kərimov, Nadir Nəsibli, Tuncay Əhmədov, Sinan Mehdiyev, Ariz Kərimov, Əlibaba Fətəliyev, Tunar Rzayev, Sahil Əsgərli, Addis İsmaylov, Muhammed Çodarov, Murad Əliyev, Pünhan Kərimov, Səttar Tahirzadə, Atacan Məmmədov və Kamran İsmayılov.
Xatırladaq ki, “Marcet” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi futbolçuları sınaqdan keçiriblər. Yeniyetmə idmançıların “Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub.
Nihat