Topaz Premyer Liqasının XXIV turu “Neftçi”nin iki əsas heyət oyunçusu üçün əlamətdar olub. Belə ki, Mahir Şükürov Premyer Liqada 200-cü, Flavinyo isə 100-cü matçına çıxıb. Azərbaycanda 4-cü mövsümünü keçirən Flavinyo Mahirdən fərqli bütün oyunlarını "Neftçi”də keçirib. Braziliyalı yarımmüdafiəçi paytaxt klubunun heyətində 100 və daha çox çempionat matçı keçirən 17-ci futbolçudu. Flavinyo “Neftçi”də 100 matç keçirən ilk legioner kimi də tarixə düşüb.
Fanat.az xəbər verir ki, braziliyalı futbolçu rekordu ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Belə bir rekordun sahibi olmaq əlbəttə ki, çox xoşdu. Sevinirəm ki, "Neftçi" kimi bir komandanın tarixinə düşmüşəm. "Neftçi"də 4-cü mövsümdü ki, çıxış edirəm və bu vaxta kimi 3 çempionluq, 1 dəfə ölkə kubokunu və ən əsası Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. Bu uğurlarda pay sahibi olmaq qürurvericidi. İnanıram ki, bu nailiyyətlərin davamı gələcək".
Fanat.az