"Qalatasaray" Cesare Prandelli ilə anlaşma əldə edib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, italyan mütəxəssis bu axşam İstanbula gələcək. Türkiyəyə çatan kimi Florya Metin Oktay bazasını ziyarət edəcək Prandelli sabah səhər saatlarında futbolçular və bazanın işçiləri ilə bir araya gələcək. Sabah Bakı vaxtı ilə saat 16.00-da isə "Türk Telekom Arena"da onunla 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Prandellinin son iş yeri İtaliya millisi olub. Komanda onun başçılığı altında dünya çempionatının D qrupunda yarışıb. İngiltərəni udan (2:1) italyanlar Kosta Rika və Uruqvaya 0:1 hesabı ilə yenilərək uğursuz çıxış ediblər. İtaliya millisini AVRO-2012-nin finalına çıxaran baş məşqçi 2013-cü ildə Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.
56 yaşlı mütəxəssis əvvəllər İtaliyanın "Atalanta", "Leççe", "Verona", "Venetsiya", "Parma", "Roma" və "Fiorentina" klublarını çalışdırıb. Onun məşqçi kimi klub karyerasında ən böyük uburu "Verona" və "Venetsiya"nı B Seriyasının qalibi etməsi olub.
Prandelli futbolçu karyerası ərzində İtaliyanın "Kremonese", "Atalanta" və "Yuventus" klublarında çıxış edib. O, "Yuventus"la İtaliya çempionluğunu (3 dəfə), kubokunu (1), Çempionlar Liqasını (1) və Kuboklar Kuöokunu qazanıb.
Fanat.az