Cavidin yoxluğu “Qəbələ”nin oyununa təsir edəcəkmi?

Cavidin yoxluğu “Qəbələ”nin oyununa təsir edəcəkmi?

“Qəbələ” avqustun 20-də Yunanıstanın “Panatinaikos” klubu ilə Avropa Liqasının pley-off mərhələsində ilk oyuna çıxacaq. Klubun son günlərdə sabiq kapitanı Cavid Hüseynovla bağlı yaşadığı məlum hadisələrin oyuna ciddi təsir edəcəyi qaçılmazdır.

Belə ki, oyunlarını kapitan olaraq, C.Hüseynovun üzərində quran klubun psixoloji təzyiqlər yaşaması oyuna təsirsiz ötüşməyəcək. 

Doğrudur, əvvəlki oyunlarda sarı vərəqə aldığına görə, sabiq kapitan komandada qalsa belə, “Panatinaikos”la ilk oyunu buraxmalı olacaqdı. Amma bu da heç nəyi dəyişmir. Çünki klub olaraq, “Qəbələ” üzərində psixoloji təsir edəcək. Bu da bəzən belə önəmli oyunlarda nəticəyə ciddi təsir edir. 

Komanda.az saytının redaktoru Natiq Muxtarlı bu düşüncədə deyil. O hesab edir ki, klub bir oyunçu üzərində qurula bilməz: “Hər bir futbolçunun klubda müəyyən mövqeyi var. Təbii ki, əsas heyətdə oturuşmuş oyunçunun yoxluğu bu və ya digər dərəcədə komandanın oyununa təsir edir. Amma nəzərə alaq ki, müasir futbolda peşəkar klublar bir oyunçudan asılı olmamalıdır. Müasir Avropada bu belə qəbul olunub. Hətta orta komandalarda belə, hər bir futbolçunu əvəzləyəcək oyunçu olmalıdır. Hətta bu gün ”Barselona"da belə, Messini əvəzləyəcək futbolçu var. Yəni “Messisiz ”Barselona" yoxdur" anlayışı qəbul olunmur. 

Ona görə də, düşünmürəm ki, Cavid Hüseynovun yoxluğu “Qəbələ”nin oyununa ciddi təsir edəcək. Ortada məşqçi tapşırığı, sistem var. Hər kəs buna uyğun bacarığını nümayiş etdirir. Hesab edirəm ki, baş məşqçi Roman Qriqorçuk da bu boşluğu dolduracaq taktiki gedişlər edəcək. Əgər Cavidin yerini dolduracaq futbolçu “Qəbələ”də yoxdusa, bu artıq klubun problemidir. İşlərin düzgün qurulmamasından irəli gəlir. Klubun isə, peşəkar olmadığına işarədir. Roman Qriqorçuk istedadlı mütəxəssisdir. Onu da qeyd edək ki, Cavid qalsa belə, ilk oyunda cəzalı durumda idi. Çünki əvvəlki oyunlarda sarı vərəqə almışdı. Onun  yerini dolduracaq oyunçu mütləq olmalıdır. Həbs olunmasa belə, zədələnə bilərdi. Sözsüz ki, təsiri olacaq. Amma nəzərə çarpacaq dərəcədə olmamalıdır. Şəxsi fikrimə görə, “Qəbələ”nin oyununda Cavidin yoxluğu hiss olunmayacaq. “Qəbələ”nin şansı yenə də var. Klub bu səddi aşmağa qadirdir. Rəqibin də futbolçularının iki ayağı var, bizimkilərin də. Ona görə də, baş məşqçisinin bu yoxluğu hiss etdirməyəcəyini düşünürəm".

N.Muxtarlı “Qəbələ”nin oyunçularının psixoloji cəhətdən hazır ola bilməmək ehtimallarından da danışıb: “Bu amil düşündürücüdür. İstər-istəməz klub psixoloji təsir altındadır. Baş verənlərin təsir etdiyi danılmazdır. Klub rəhbərliyi və məşqçilər bu istiqamətdə futbolçularla mütəmadi iş aparmalıdır. Çünki Cavidin olmaması yox, psixoloji amil oyuna ciddi təsir edə bilər. Cavidin həbsinin oyunçulara ciddi təsir edəcəyi gözləniləndir. Çünki onun klubda dostları var. Bu cəhətdən futbolçular onun yoxluğunu hiss edə bilərlər. Bu məqam özünü daha qabarıq şəkildə göstərə bilər”.//"Yeni Musavat"

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər