Cavid Hüseynov: "Neftçi"yə qol vurmaq istəyirəm"

Cavid Hüseynov: "Neftçi"yə qol vurmaq istəyirəm"

Ardıcıl ikinci dəfə Avropa miqyaslı yarışlara qatılmağı hədəfləyən “Qəbələ” məqsədinə doğru addım-addım irəliləyir. Bu yolda daha bir maneəni aşmaq lazımdı. Söhbət bu Topaz Premyer Liqasının XXX turu cərcivəsində Bakıda “Neftci”yə qarşı keciriləcək oyundan gedir.

Bürünc medalı necə qazandıq?

Qarşıdakı matç təkcə komandaların turnir cədvəlində qonşu olmasına görə deyil, həm də “Qəbələ”nin qisas hissi baxımından prinsipial əhəmiyyət daşıyır. Axı “qırmızı-qaralar” son matçda doğma azarkeşlər önündə “Neftçi”yə uduzublar. Bu il fevralın 15-nə təsadüf edən həmin görüşdə hesabı bizim komanda açsa da, ikinci hissədə qonaqlar 3 qol vuraraq, qalib gəliblər. Cari mövsümdə axırıncı dəfə baş tutacaq “Neftçi” - “Qəbələ” oyunu ərəfəsində, istər-istəməz, bir il əvvəl yaşanan hadisələr yada düşür. Ötən mövsümün bitməsinə 4 tur qalmış "qırmızı-qaralar" “Neftçi”ni səfərdə udmaqla, əsas rəqibini 3-cü sıradan sıxışdırdı. Çempionatın yekununa qədər mövqeyini qoruyan “qırmızı-qaralar” tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarına layiq görüldülər. Demək olar, indi də oxşar vəziyyət yaranıb. “Qəbələ”nin “Neftçi”dən 6 xal geri qalmasına baxmayaraq, Bakıdakı qələbə xal fərqini 3-ə endirməyimə imkan verəcək. Mövsümün sonuna qədər isə nəinki 3-cü yeri, hətta 2-ci yeri də ələ keçirmək mümkündü. 

Yeddinci qələbəyə doğru

“Qəbələ” yeni baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında rekord qırmaqdadı. Ardıcıl 6 qələbə qazanan komanda xal ehtiyatını xeyli artırıb. “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”, “İnter”, AZAL və “Simurq” üzərində qalibiyyətlər azarkeşlərə sevinc bəxş edib. Təbii ki, fanatlar qələbə seriyasının davamını arzulayır. Nəzərə alsaq ki, “Qəbələ” son iki Bakı səfərindən xalla dönüb, bu dəfə də uğurlu nəticəyə ümid etmək olar. "Qəbələ"ni bu ay ardıcıl 2 səfər oyunu gözləyir. Belə ki, “Qəbələ” “Neftçi”dən sonra aprelin 25-də “Xəzər Lənkəran”ın qonağı olacaq.

Cavidin nikbinliyi

Elə “Neftçi”nin sabiq yarımmüdafiəçisi, hazırda "Qəbələ"nin aparıcı üzvlərindən sayılan Cavid Hüseynov da paytaxtdan qələbə ilə dönəcəklərinə ümid edir: “Neftçi” sıradan bir rəqib deyil, Azərbaycan futbolunun flaqmanıdı. Vaxtilə “Neftçi”də oynadığımdan, hər dəfə bu kluba qarşı meydana çıxanda, gözəl hisslər yaşayıram. Açığı, flaqmana qarşı görüşlər mənim üçün heç də prinsipial deyil, əvəz çıxmaq fikrim olmur. Sadəcə, böyük motivasiya ilə meydana çıxıram. Sözsüz ki, “Neftçi”ni məğlub etmək istəyirik. Çünki indiki dövrdə bizi ancaq 3 xal qane edir. Elə azarkeşlərimizi də yalnız qələbə düşündürür. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik”.

27 yaşlı futbolçu keçmiş klubuna qol vuracağına inanır: “Fanatlara qollarımın davamının gələcəyini söz verə bilərəm. “Neftçi”dən gedəndən sonra “Bakı”nın heyətində bu komanda ilə oyunda fərqlənmişəm. “Qəbələ”də də “Neftçi” ilə görüşlərdə qol hesabımı açacağıma ümidvaram”.

Rəqəmlər nə deyir?

Bir-iki kəlmə də statistika barədə. Bu komandalar Azərbaycan çempionatlarında və kubok yarışlarında indiyədək 28 dəfə qarşılaşıblar. Həmin görüşlərin 27-i çempionatın müxtəlif mövsümlərində gerçəkləşib. Aktivində 7 qələbə olan “Qəbələ” 13 dəfə məğlubiyyətlə üzləşib. Qalan oyunlar heç-heçə ilə nəticələnib. Azərbaycan kubokunda isə tərəflərin yolu cəmi 1 dəfə kəsişib. Ötən mövsüm final görüşündə üz-üzə gələn komandalar 120 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilməmişdilər. Komandaların vurduğu hərəyə 1 qol 90 dəqiqəlik əsas vaxta təsadüf etmişdi. “Neftçi” yalnız oyunsonrası penaltilər seriyasında sevinərək, kuboku başı üzərinə qaldırmışdı. 

"Qəbələ İK" qəzeti

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər