“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin müsahibəsi
- “Neftçi” klubunun Türkiyə toplanışı başa çatdı. Siz hazırlıq barədə hansı fikirdəsiniz?
- Təlim-məşq toplanışından yerlə göy qədər razıyam. Ona görə ki, nəzərdə tutulan bütün proqramları işlədik, həyata keçirdik. Biz hər şeyi qədərincə etdik. Düzdür, 2 gün yağış yağdı. Amma bütün bunlar bizim işimizə təsir etmədi.
- Son yoxlama görüşündən öncə Qyoko Hacievski ilə görüşdünüz. Azərbaycana tanış məşqçi ilə nələrdən danışdınız?
- Biz onunla çox səmimi görüşdük. Çoxdan arzulanan, gözlənilən bir görüş idi. Müəyyən məsələlər var idi ki, onları danışmalı idik. Onunla biz “Bakı”dakı məsələlərə aydınlıq gətirə bilməmişdik. Onun indiki klubu ilə görüşdü rəqib daha yaxşı start götürdü. Oyun başlayanda onlar penalti ilə hesabı açdılar. Sonra biz işimizi gördük və 3:1 hesablı qələbə qazandıq. Amma unutmayın ki, bu gün ərəblərin ən zəif komandası maliyyə cəhətdən bizim ən güclü komandamızdan üstündü. Hacievskinin də klubunda maliyyə vəziyyəti yaxşıdı.
- Komandanızı lider futbolçular tərk etdilər. Rəşad, Mahir və Tərlan... Onların gedişi problem yaratmayacaq ki?
- Yenə deyirəm, onların “Neftçi” üçün böyük xidmətləri var. Ötən il də bizə kömək etdilər. Amma elə bir məqam yetişdi ki, onlar komandadan getməli idilər və getdilər. Mən həmin futbolçulara ancaq uğurlar arzu edirəm. Həmişə demişəm, yenə deyirəm. Futbolda əvəzolunmayan futbolçu və məşqçi yoxdu.
- Təkrarolunmayanlar var...
- Ola bilər ki, kiminsə yazdığı nəticələri kimsə bir daha təkrarlaya bilməsin. Amma unutmayın ki, cəmiyyət inkişaf edir. Ola bilər ki, hər hansı bir məşqçi gəlib, mənim nəticələrimi təkarlasın və ya üstələsin.
- Komandaya fiziki hazırlıq üzrə yeni məşqçi cəlb olunacaq?
- Hələ ki, yox. Bu cəhətdən yenilik yoxdu. Özümüz bu işi görürük, bacarırıq. Bunu düşünməyə vaxtımız, halımız yoxdu.
futbol11.az