"İnter"in hücumçusu Aleksis Sançes Avropa Liqasının dünən keçirilən 1/4 final matçında - "Bayer"lə oyunda (2:1) əzələsini əzib.
Fanat.Az Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın ikinci yarısında Lautaro Martinesin əvəzinə meydana çıxan Aleksis 89-cu dərəcədə xəsarət alsa da, oyunu davam etdirmək məcburiyyətində qalıb. Belə ki, baş məşqçi Antonio Konte bütün əvəzləmələrdən faydalandığı üçün komandasının görüşün sonlarını azlıqda keçirməsinə razı olmayıb.
Klubun həkimləri Sançesin zədəsinin nə dərəcədə ciddi olduğu barədə yekun qərar verməsələr də, ilkin ehtimallara görə o, avqustun 17-də keçiriləcək yarımfinal görüşündə oynaya bilməyəcək.
Qeyd edək ki, "Bayer"i mübarizədən kənarlaşdıran "İnter" "Şaxtyor" - "Bazel" cütünün qalibi ilə qarşılaşacaq.
Fanat.Az