AFFA millinin baş məşqçi postuna namizədlərlə danışıqları bərpa etdi

AFFA millinin baş məşqçi postuna namizədlərlə danışıqları bərpa etdi
AFFA Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqları bərpa edib.
 
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.
 
O bildirib ki, yeni baş məşqçinin təyinatı avqust ayında reallaşa bilər: "3 məşqçi ilə danışıq gedirdi. Onlardan biri ilə martın sonunda müqavilə imzalanmalı idi. Təəssüf ki, pandemiyaya görə danışıqları dayandırmalı olduq. Amma 1 həftə öncə həmin məşqçilərlə danışıqları bərpa etdik. Millətlər Liqasının vaxtı dəyişilməsə, yeni təyinat avqustda gözlənilir".
 
Qeyd edək ki, Azərbaycan millisinə son olaraq xorvatiyalı mütəxəssis Nikola Yurçeviç rəhbərlik edib. 2019-cu il fevralın 11-də yığmaya baş məşqçi təyin olunmuş Yurçeviç dekabrın 13-də istefaya göndərilib.
 
Elxan Məmmədov onu da bildirib ki, Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə komanda sayı artırılmayacaq. Onun sözlərinə görə, koronavirus pandemiyası aşağı dəstədən iki klubun elitaya qalxmasına mənfi təsir göstərəcək:
 
"Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridir. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər. Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək".
 
Qeyd edək ki, "Kəpəz" və "Turan Tovuz" klublarının yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi gözlənilirdi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər