Fransanın "Renn" klubunun və Mali yığmasının üzvü Yakuba Silla karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.Az Fransa mediasına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi transferə çıxarılıb.
Cari mövsümün ilk yarısında icarə əsasında Yunanıstanın "Panatinaikos" klubunda çıxış edən Sillaya 500 min avro qiymət qoyulub. Türkiyənin "Osmanlıspor" və Polşanın "Legiya" klubları onu icarəyə götürmək istəsə də, "Renn" futbolçusunu satmaq istəyir. Onun Azərbaycanla yanaşı, Belçikanın "Eupen”, "Mexelen” və "Brugge” klublarında oynamaq ehtimalı var.
Qeyd edək ki, Silla peşəkar karyerasına Fransanın "Klermon" klubunda başlayıb. 2013-cü ildə 2,4 milyon avroya İngiltərənin "Aston Villa" klubuna transfer olunub. 2014/15 mövsümündə Türkiyənin "Ərciyəsspor" klubunda icarə əsasında çıxış edən futbolçu 2015-ci ildə 1,5 milyon avroya "Renn"ə transfer edilib. Yarımmüdafiəçi 2016/17 mövsümündə icarə əsasında Fransanın "Monpelye" (20 oyun, 1 qol), cari mövsümün ilk yarısında Yunanıstanın "Panatinaikos" klubunda (11 oyun) çıxış edib.
"Transfermarkt"ın 1,5 milyon avro qiymət qoyduğu Silla Fransanın U-21 yığmasında çıxış edib və 2013-cü ildən Mali millisinə dəvət olunur. Yığmanın kapitanı bu müddətdə 34 oyuna çıxıb.
Fanat.Az