Türkiyə millisi Avropa çempionatında çıxışını erkən başa vurdu. Ötən gün İtaliyanın İrlandiyaya məğlub olması "ay-ulduzlular"ın 1/8 finala çıxmaq şansını itirməsi ilə nəticələndi.
Fanat.az xəbər verir ki, Fatih Terim və yetirmələri İtaliya - İrlandiya qarşılaşmasını Fransada məsuklaşdıqları oteldə izləyib. Türkiyə mediasının məlumatına görə, "İmperator" ləqəbli mütəxəssis matç başa çatandan sonra futbolçuları qucaqlayaraq ağlayıb. Terim yetirmələrinə "Sizin canınız sağ olsun" deyib. Bu hadisədən duyğulanan futbolçular göz yaşlarını saxlaya bilməyib.
Bu arada Çexiya matçının səhəri günü Türkiyə millisinin qaldığı oteldə baş verənlərlə bağlı bəzi məlumatlar yayılıb. Məlumata görə, səhər yeməyindən sonra Fatih Terim bütün futbolçuları iclas otağına çağırıb. Burda ilk olaraq çıxış edən Burak Yılmaz "Ortada bir sürü çirkin iddia var, amma kimsə çıxıb bizi müdafiə etmir. Hər kəs futbolçuları günahlandırır" deyib.
Onun sözlərinə əksər futbolçular dəstək verib. Daha sonra çıxış edən Caner Erkin texniki heyətə işarə vuraraq "Hər kəs bizə arxasını çevirdi" deyib. Canerin bu sözləri gərginliyin artmasına səbəb olub. Fatih Terimin komandasında yer alan Tümer Metinin Canerə cavab verib: "Əslində bəziləriniz komandaya arxa çevirdi".
Bu sözlərdən sonra onların arasında sərt mübahisə yaranıb. Fatih Terimin araya girməsi ilə hər iki tərəf sakitləşib. Bundan sonra isə Hakan Çalhanoğlu və Oğuzhan Özyakup arasında "ötürmə vermir" mübahisəsi başlayıb. Mübahisəyə başqalarının da qoşulması vəziyyəti yenidən gərginləşdirib.
Terim iclasın sonunda Arda Turana müraciət edərək "Hə kapitan, söz səndə. Danış görək" deyib. Özünün tənqid edilməsindən daha çox sosial mediada ailəsinin təhqir olunmasından inciyən ulduz futbolçu çıxışının sonunda göz yaşlarına hakim ola biləyib. Arda ilə yanaşı, həxsi həyatında problemlər olan Burak Yılmaz da ağlayıb.
Toplantıda son sözü yenə Fatih Terim deyib: "Biz bura gələnə qədər çox acılar çəkdik. Burda da çəkməyə davam edirik".
Fanat.az