Tahir Süleymanov "Neftçi"nin yalanını çıxartdı

Tahir Süleymanov "Neftçi"nin yalanını çıxartdı

"Mpenza düyünü" ətrafında yaranan müəmmayla bağlı sizi məlumatlandırmışıq. Həmin yazıda qeyd etmişdik ki, ilk gündən "Neftçi"yə kömək etməyə hazır olduğunu deyən sabiq vitse-prezident Tahir Süleymanovun Lozannaya yollanmaması, əvəzində klub tərcüməçilərinin dindirilməsi təəccübümüzə səbəb olub. 

Bu müəmmaya aydınlıq gətirməkdən ötrü kluba ünvanladığımız sorğuya isə hələ də cavab gözləyirik. "Neftçi" tərəfinin izahatını iki gün gözlədikdən sonra saytımız vasitəsiylə daha bir xatırlatma etdik və Tahir Süleymanovun özüylə əlaqə saxlamağa çalışdıq. İstədik ki, yaranan müəmmalı vəziyyətin səbəblərini ondan öyrənək. Qaş qaralandan sonra "gecənin xeyrindənsə gündüzün şəri yaxşıdı" demədən aradığımız Süleymanov suallarımıza gözləmədiyimiz cavablar verdi. Düzdü, bəzi məqamlarda yaxşı bacardığı diplomat qabiliyyətini də işə saldı, konkret danışmaq istəmədi. Amma ondan yetərincə maraqlı məlumatlar aldıq. Buyurun, siz də oxuyun:

-   Tahir bəy, sizi "Mpenza düyünü”nə görə narahat edirik. Daha doğrusu, bu problemlə bağlı İsveçrənin Lozanna şəhərində keçirilən dinləmələrlə bağlı. Klubun rəsmi saytında oxuduğumuz məlumata görə, siz CAS-dakı dinləmələrdə iştirak etməmisiz. Halbuki problemin mətbuatda işıqlandırıldığı ilk günlərdə İsveçrəyə yollanıb, "Neftçi”nin haqlı mövqeyini müdafiə etməyə hazır olduğunuzu demişdiz...

-   Kim deyir ki, mən CAS-dakı dinləmələrdə iştirak etməmişəm?

-   Klubun rəsmi saytında Lozannaya kimlərin yollandığı yazılıb. Orda sizin adınız yoxdur. Biz bu barədə kluba sorğu göndərdik, amma cavab ala bilmədik. Düşündük ki, sizdən dəqiq səbəbi öyrənək.

-   Sizin suallarınızın "Neftçi” rəhbərliyi tərəfindən niyə cavablandırılmadığını bilmirəm. Amma saytdakı rəsmi məlumatı mən də oxumuşam. Hələ rəsmi qərar çıxmayıb deyə, detallara varmaq istəmirəm. Mənim hər hansı bir açıqlamam işin gedişinə təsir edə bilər. Məni düzgün başa düşün. Fikirlərimizi tərcümə edib, CAS-a, yaxud da FİFA-ya təqdim edə bilərlər. 

-    Axı sizin bu prosesə cəlb olunmağınız niyə gizlədilsin ki?

-   Bu sualın ünvanı mən deyiləm. Təkcə onu deyə bilərəm ki, "Neftçi”də olduğum müddətdə Mpenzayla bağlı hansısa qərar olmayıb. Klubdan getməyimə baxmayaraq, Müşahidə Şurasının bu məsələylə bağlı toplantısında məmnuniyyətlə iştirak etdim. CAS-a müraciət olunmasının vacibliyini vurğuladım. Qeyd edim ki, toplantıya qədər "Neftçi” tərəfindən əcnəbi vəkillərlə də məsləhətləşmələr aparılmışdı və onlar da sənədlərlə tanış olan kimi CAS-a müraciət olunmasının vacibliyini vurğulamışdılar. Həmin iclasda Müşahidə Şurasının üzvləri yekdilliklə belə qərar qəbul etdi və prosesin idarə olunması klubun icraçı direktoru Elnur Məmmədova tapşırıldı. Baxmayaraq ki, bu qərar çıxarıldıqdan öncə klubda bəzi rəsmilər tərəfindən CAS-a müraciət olunmamasıyla bağlı müzakirələr aparılırdı. Mən ilk gündən həm mətbuata açıqlamalarımda, həm də Müşahidə Şurasının iclasındakı çıxışımda Mpenzayla danışıqlarda iştirak etmiş şəxs kimi, hər zaman kömək göstərməyə hazır olduğumu bildirmişəm.

-   Amma bir məqama aydınlıq gətirmədiniz. Siz Lozannadakı dinləmələrə dəvət almışdızmı? CAS-ın dinləmələrində iştirak edirdizmi?

-   Bir daha vurğulayıram ki, yekun qərar çıxmadan detallara varmaq istəmirəm. Xüsusiylə qeyd edim ki, məhkəmədən bir gün öncə işi aparan ispaniyalı vəkil mənimlə klub və tərcüməçi vasitəsiylə əlaqə saxladı. O, məndən ayın 22-də CAS-ın məhkəməsinə birbaşa bağlanmağımı xahiş etdi. Təbii ki, öncədən verdiyim sözə uyğun olaraq, bununla razılaşdım.

-   Bu necə olur? Siz Bakıda, amma CAS-ın toplantısı İsveçrənin Lozanna şəhərində keçirilirdi...

-   Məhkəməyə "Skype” proqramı vasitəsiylə yüksək səviyyədə qoşuldum və təxminən 30-40 dəqiqə hakimlərin, vəkillərin suallarına dolğun, ən əsası obyektiv cavablar verdim.

-   Sizə "Neftçi”dən daha öncədən məhkəməyə hazırlıqla bağlı müraciət olmuşdumu?

-   Gəlin, tələsməyək. Qərarı gözləyək. Bu məsələlər haqda məhkəmə bitəndən sonra danışarıq.

-   Sözün düzü, sizinlə əlaqə saxlayarkən belə cavablar eşidəcəyimizi gözləmirdik. Belə başa düşülür ki, işi aparan vəkil çıxılmaz vəziyyətdə qalıb və internet vasitəsiylə olsa da, sizin CAS-ın dinləmələrinə qatılmağınızı vacib hesab edib.

-   Mən ilk gündən vəd etdiyim köməyi göstərmişəm. Odur ki, bundan sonra da köməyimə ehtiyac yaransa, bundan imtina etməyəcəm.

-   Necə olur ki, dinləmələrə tərcüməçilər bilavasitə dəvət alır, siz isə yox?

-   Mən göstərdikləri etimada görə ispaniyalı vəkilə və CAS-ın hakimlərinə xüsusi təşəkkürümü bildiriəm. Eyni zamanda, həmin gün mənə fasiləsiz internet əlaqəsi saxlamaq imkanı yaradan "Neftçi” əməkdaşlarına. Vacib olan uğurun qazanılmasıdı və bu işdə kömək etməyə hazıram.

sport7.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər