"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Lionel Messinin komandasına transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis argentinalı ulduz üçün transfer rekordunun qırıla biləcəyini düşünür. Qvardiola Messinin müqaviləsindəki 300 milyon avroluq təzminatın ödənilməsinin mümkün olduğunu söyləyib.
Messi "Barselona" ilə hələ yeni müqavilə imzalamayıb. Bu vəziyyət onun komandadan ayrılacağı ilə iddiaları gücləndirir. Qvardiola isə bildirib ki, Neymarın 222 milyonluq təzminatının ödənilərək PSJ-yə transferindən sonra Messi ilə bağlı da analoji vəziyyət baş verə bilər:

"Kimlərinsə bu qədər xərcləmək istədiyi pul varsa, Messinin müqaviləsindəki təzminatı ödəyə bilər".
Qeyd edək ki, Messinin Kataloniya klubuyla olan müqaviləsinin müddəti 2018-ci ildə bitəcək. Bir müddət əvvəl argentinalı futbolçunun "Barsa"yla yeni anlaşmanı razılaşdırdığı deyilsə də, superulduz hələ rəsmi sözləşməyə imza atmayıb. Bu günlərdə isə onun 300 milyon avroya "Mançester Siti"yə transfer olunacağı barədə xəbərlər yayılıb.
Fanat.Az