Azərbaycan klubunda çıxış edən daha bir braziliyalı futbolçu Yunanıstan çempionatında oynaya bilər.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, "Qəbələ"yə məxsus olan Dodo Avropa Liqasındakı uğurlu çıxışı ilə yunan klublarının diqqətini özünə çəkib. Onun Kiprin "Apollon", Yunanıstanın "Panatinaikos" və PAOK klubları ilə görüşlərdə sərgilədiyi gözəl futbol yunan menecerləri razı salıb.
Futbolçunun 2 il əvvəl "Qəbələ" ilə bağladığı müqavilə də mayda başa çatır. Bu üzdən onun Avropaya getməsi çətin olmayacaq. Sadəcə adını dəqiqləşdirə bilmədiyimiz yunan klubunu yetərincə düşündürən məqam Dodonun bir müddətdir ki, zədəsinə görə oynamamasıdır. Belə ki, martın 19-da "Qarabağ"la görüşün uzatma dəqiqələrində zədələnərək yerini həmyerlisi Rikardinyoya vermiş Dodo bu ayın əvvəllərində məşqlərə başlasa da, yenidən qasıq nahiyəsində ağrılar hiss edərək komandadan ayrı qalıb.
Qeyd edək ki, qışda "Qarabağ"ın futbolçusu Çumbinyo Yunanıstanın "Atromitos" klubuna keçmişdi.
Fanat.az