"Qarabağ" - “Qəbələ” oyunundan (2:1) sonra ağdamlıların kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, müdafiəçi matç haqda qısa danışıb:
"Vacib görüş idi. Çox gərgin və ağır keçdi. Komandamız sona qədər mübarizə apardı və qələbə qazandı".
Təcrübəli futbolçu məlum görüş zamanı ölkə prezidentinin ona dediyi "istəyirəm karyeranı davam etdirəsən, həm klubunda, həm də millidə oynayasan" sözləriylə bağlı fikirlərini bölüşüb:
"O sözləri eşitdiyim zaman keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Ondan eşitdiyim sözləri milyonlara dəyişmərəm. Bir daha minnətdarlığımı bildirirəm. Çempionlar Liqasının qrup mərhələsindən sonra bəlkə də bu haqda düşünəcəkdim. Sanki fikrimi oxumuşdu, cənab prezident. Belə bir anda bu cür sözlər deməsi çox xoş oldu. Baxaq, görək necə olacaq. Əlimdən gələni edəcəm".
Sadıqov "Qarabağ"ın U-19 komandasının da baş məşqçisidi. Arxa xətt oyunçusu Çempionlar Liqasında iki cəbhədə necə döyüşəcəyinə də aydınlıq gətirib:
"Çox maraqlı vəziyyət yaranıb. Yayda nə qədər işlədiyimi heç kim bilmir. Ötənilki heyətdən cəmi 3 futbolçu komandaya kömək edəcək. Transfer çalışmalarına diqqət yetirdik. “Neftçi” və “İnter” rəhbərliyinə bir neçə futbolçunun keçidinə şərait yaratdığına görə təşəkkür edirəm. Heyətə legioner də dəvət etməyi düşünürük. İstəyirik ki, yaxşı çıxış edək. İş elə gətirdi ki, 3 ildi keçirilən bu yarışın iki dəfə qalibi olmuş “Çelsi” ilə başlayacağıq. Uşaqlar üçün yaxşı təcrübə olacaq. “Qarabağ”ı yaxşı təmsil etmək üçün çalışacağıq. Qaldı əsas komandanın yer aldığı qrupa, bizim üçün bayram olacaq. Başqa qrupa da düşə bilərdik. Amma 3 böyük klubla bir qrupda yer almağımız Qarabağımızı tanıtmaq üçün, ölkəmizdən danışılması üçün gözəl imkandı. Qrup mərhələsinə düşməyimizi elə də şişirtmirik. Neçə ildi buna doğru irəliəyirdik. Bu gün də meydanda 90 dəqiqə mübarizə aparan komanda gördünüz. O cür oyundan sonra bugünkü matça köklənmək asan deyildi. Bəzi futbolçular dincəldi, bir qismimiz millinin düşərgəsinə gedəcəyik. Millinin də iki vacib oyunu var".
Terminator ləqəbli futbolçu onu tribunaya səsləyən "Qəbələ" azarkeşindən eşitdiklərini də dilə gətirib:
"Dedi ki, sizi Çempionlar Liqasında sona qədər dəstəkləyəcəyik, azarkeşlik edəcəyik. Mən də təşəkkürümü bildirdim. Əsas rəqibimizin azarkeşindən bunu eşitmək çox xoş idi".
Fanat.Az