"Onun burada çalışmasından xəbərsiz idim" - "Neftçi"nin rəqibi

"Onun burada çalışmasından xəbərsiz idim" - "Neftçi"nin rəqibi

Avropa Liqasının II mərhələsi çərçivəsində sabah baş tutacaq "Neftçi" - "Şkendiya" matçı öncəsi Makedoniya təmsilçisinin baş məşqçisi Bruno Akrapoviç mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, qonaqların çalışdırıcısı qarşılaşma haqda fikirlərini bildirdikdən sonra, media nümayəndələrinin suallarını cavablandırıb.

- Azərbaycana heyran olmuşam. Çox gözəl şəhəriniz var. Xüsusi ilə də insanlarınız. Fikrimizi oyuna yönəltmişik. Sabahkı oyunda bacardığımızın ən yaxşısını etməyə çalışacağıq. "Neftçi" güclü komandadı. İntizamlı oyun sərgiləyib, sərfəli nəticə qazanmağı düşünürük. Hər iki komanda oyuna ciddi hazırlaşıb. Bunun da nəticəsini meydanda görəcəyik.

- "Neftçi"nin ilk mərhələdəki oyunlarını izləyib, hansı nəticəyə gəlmisiz?

- "Baltsan"la hər iki oyunu izləmişəm. Rəhman Hacıyev, Ruslan Qurbanov və Araz Abdullayevin oyunlarını xüsusi ilə vurğulamaq istəyirəm. Xüsusi fərqləndirəcək oyunçular çoxdu. 

- Sabahkı oyunda sizi hansı nəticə qane edəcək? Onu da nəzərinizə çatdıraq ki, "Neftçi" son vaxtlar öz evində qələbə üzünə həsrət qalıb...

- Qələbə və ya heç-heçə bizi qane edəcək. Statistika ilə bağlı da məlumatımız var. Polşa komandası ilə oyun da bizim üçün asan keçmədi. Buna baxmayaraq, mərhələ adlayan tərəf biz olduq.

- Statistikadan söz düşmüşkən, yəqin ki, Makedoniya klublarının Bakıda qalib gəlmədiklərini də bilməlisiz...

- Bu barədə məlumatımız var. Çalışacağıq ki, statistik göstəricilərdə dəyişikliyə nail olaq.

- Cokiça Hacıyevski də vaxtı ilə Azərbaycanda çalışıb. "Neftçi" ilə oyundan əvvəl rəqib haqqından ondan məlumat almamısız?

- Düzü, onun Azərbaycanda çalışmasından xəbərsiz idim. Çünki özüm də Makedoniyada yeni işləyirəm. Cəmi 6 aydı. 

- 2011-ci ildən bu yana heç bir komandada 1 ildən çox işləməmisiz. Düşünmürsüz ki, "Neftçi" ilə oyunlardakı uğursuzluqlar "Şkendiya"dakı karyeranıza son qoyacaq? 

- Məşqçilikdə çox cavanam. Futbolçu karyeramı 42 yaşında bitirmişəm. Çalışdığım klublarda elə insanlar olub ki, mənim üslubumla uyğun gəlməyib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər