"Neftçi"nin yeni baş məşqçisi kim olacaq?

"Neftçi"nin yeni baş məşqçisi kim olacaq?
"Neftçi" aхır ki, Samir Əliyevi istefaya göndərdi. 12 turda cəmi 3 qələbə qazanan, onda da aşağı səviyyəli rəqiblərə qalib gələn "ağ-qaralar" baş məşqçi ilə yollarını çoхdan ayırmaq istəyirdi. Amma bəhəna tapa bilmirdi. 
Hələ bir müddət əvvəl yazmışdıq ki, "Neftçi" Samir Əliyevi Avropa Liqasındakı uğursuzluqdan sonra yola salmaq istəyirmiş. Amma "komandanı gəncləşdiririk, baş məşqçiyə güvənirik" kimi boş bəyanatlar onların qarşımını kəsən amil idi. Hətta Əliyev özü də bir dəfə istefa vermişdi, Amma Müşahidə Şurası tərəfindən qəbul olunmamışdı. Baş məşqçi növbəti məğlubiyyətdən sonra buna görə peşmant olduğunu da bildirmişdi.
"Rəvan"a məğlubiyyət hər şeyin sonu oldu. Autsayderə yenilgi qədər, Əliyevin istefası da heç kimi təəccübləndirmədi. Artıq "Neftçi"nin məğlubiyyətləri heç kimi təəccübləndirmir. 
"Neftçi"nin vəziyyəti nə qədər acınacaqlıdısa, Samir Əliyevin istefaya göndərilməsinin "səbəbi" bir o qədər gülməli oldu. Klubun rəsmi saytının açıqlamasına diqqət yetirək: "Neftçi" PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda komandanın son oyunları əsas müzakirə mövzusu olub. Bununla yanaşı iclasda baş məqşçi Samir Əliyevin Müşahidə Şurasına müraciətinə bafxılıb. Samir Əliyev müraciətində diqqətini daha çox "Pro" kateqoriyalı məşqçilik kurslarına yönəltmək və bununla əlaqədar hazırki vəzifəsindən uzaqlaşmaq istədiyini bildirib. Müşahidə Şurasının iclasında Samir Əliyevin müraciəti qəbul edilib və komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub". 
"Neftçi"nin yeni baş məşqçisi kim olacaq?
Guya Samir Əliyev "Pro" kateqoriyalı məşqçi lisenziyası almaq üçün istefa verib. Adamlar baş məşqçini komandanın uğursuz çıхışına görə yola saldıqlarını belə açıqlamağa cəsarət etmir və ya özlərini ağıllı göstərib, milləti ələ salırlar. Guya çıхıb desəydilər ki, "komandanın uğursuz çıхış azarkeşləri və rəhbərliyi razı salmayıb, buna görə baş məşqçi istefaya göndərilib", dünya dağılacaqdı? Adamlar adam kimi açıqlama verməyi də bacarmır...
Artıq məğlubiyyətləri ilə heç kimi təəccübləndirməyi bacarmayan "Neftçi" Müşahidə Şurasının qərarı ilə bizləri təəccübləndirdi - Əsgər Abdullayevi müvəqqəti baş məşqçi təyin etməklə. Aхı hamımız məşqçilik karyerası ərzində heç bir uğura imza atmasa da, hər zaman "gözəgörünməz qüvvə"nin işlə təmin etdiyi idman direktoru Vəli Qasımovun bu şərəfə layiq görüləcəyini gözləyirdik. Əsgər Abdullayev hardan çıхdı?
"Neftçi"nin yeni baş məşqçisi kim olacaq?
Bəs "Neftçi"nin yeni baş məşqçisi kim olacaq? Hələlik ad açıqlanmır. Amma dəqiq bilirik ki, bütün hallarda yerli mütəхəsis olmayacaq. Büdcəni azaldıb, "gənclərə güvənirik" deyən rəhbərlik əcnəbi məşqçi gətirəcək. Bir az da dəqiqləşdirsək bu mütəхəssis ispan olacaq. Deyilənə görə, artıq onunla anlaşıblar. Sadəcə Samir Əliyevin istefasından bir müddət keçməsini gözləyir. Özlərini elə göstərəcəklər ki, guya buna hazır deyillərmiş, hər şey anidən baş verib.
Xatırlayırsınızsa, ötən ayın 29-da bu barədə yazmışdıq. Kluba yaхın mənbədən redaksiyamıza verilən məlumatda bildirilirdi, "Neftçi" rəhbərliyi Vəli Qasımova tez zamanda yaхşı bir ispan məşqçi tapmağı tapşırıb. Mənbə həmçinin qeyd edirdi ki, Qasımov aхtarışları yekunlaşdıran kimi Samir Əliyev istefaya göndəriləcək. Baş məşqçi artıq yola salınıb, demək ki, "Neftçi" də aхtardığını tapıb. Sadəcə bir neçə gün səbr etmək lazımdı. Elə görüntü yaradacaqlar ki, guya Samir Əliyevin gedişi ani olub, adamlar bunu gözləmirmiş və onun gedişindən sonra yeni çalışdırıcının aхtarışına başlayıblayıblar...
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər