Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Albaniyanın "Skenderbu" klubu avrokuboklardan uzaqlaşdırılıb. Fanat.az xəbər verir ki, UEFA-nın belə qərar qəbul etməsinə albanların oyun alqı-satqısında iştirakı səbəb olub.
Komanda buna görə 1 il müddətinə avrokuboklardan kənarda qalacaq. Məlumat "Skenderbu"nun rəsmi saytı vasitəsi ilə təsdiqlənsə də, Albaniya təmsilçisi bununla razılaşmır. Klub CAS-a müraciət edəcək.
Məsələ burasındadı ki, "Federbet" mərc şirkəti 2015-ci ildə yayımladığı sənəddə "Skenderbu"nun Portuqaliyanın "Sportinq" klubuna 1:5 hesabı ilə məğlub olduğu matçla bağlı araşdırma aparıldığını qeyd etmişdi.
Onu da bildirək ki, Albaniya klubu bizə heç də yad deyil. Belə ki, "Skenderbu"nun 2013-cü ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə yolu kəsişib. Hər iki oyunun nəticəsinə görə sevinən tərəf məhz albanlar olmuşdu.
Qeyd edək ki, "Skenderbu" ötən mövsümün nəticələrinə görə, Çempionlar Liqasına vəsiqə qazanmışdı. Belə ki, UEFA-nın cəzası olmasaydı, albanlar "Qarabağ" kimi mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaqdı.
Fanat.az