Rumıniyanın "Astra" klubunun baş məşqçisi Marius Şumudike 6 aylığa futboldan uzaqlaşdırılıb. Fanat.az xəbər verir ki, Rumıniya Futbol Federasiyasının İntizam Komitəsi onun totalizatorda əlinin olmasına görə bu qərarı verib. Rumın mütəxəssis həmçinin buna görə 100 min ley (təxminən 24,5 min dollar) məbləğində cərimələnib.
44 yaşlı mütəxəssis Rumıniya çempionatının oyunlarına, digər idman növlərinə, o cümlədən Çempionlar Liqası və Avropa Liqasının görüşlərinə bir neçə dəfə pul qoyuluşu edib. Rumıniyada isə bukmeyker kontorlarında pul qoyuluşu etmək qadağandır. Şumudike isə ictimaiyyət arasında etiraf edib ki, futbol oynadığı vaxtlar bukmekyer kontorlarının səhmlərinin 15 faizinə sahib imiş. Daha sonra o bildirib ki, ötən il futbolçularını onlayn bukmeykerlərdə hesablarını bağlamağa yollayıb. Şumudikenin 2 gün ərzində İntizam Komitəsinin qərarından apellyasiya vermək hüququ var.
Qeyd edək ki, Marius Şumudike yanvar ayında Azərbaycandan cəlbedici təklif aldığını Rumıniya mətbuatına bildirmişdi. Lakin o, "Astra" ilə olan müqaviləsinə görə Azərbaycana getmədiyini qeyd etmişdi. Ad çəkməsə də, Şumudikenin təklif aldığı klubun "Neftçi" olduğu istisna edilmirdi. Çünki həmin vaxt "Neftçi" Əsgər Abdullayevin yerinə İstanbulda bir neçə məşqçi ilə danışıqlar aparırdı.
Fanat.az